Bayraqdar.info – İran parlamentinin Güney Azərbaycandan olan deputatı fars həmkarına sərt cavab verərək deyib: “İllərdir Azərbaycanın sərvətlərini talayırsınız, haqqımızı yediyiniz bəsdir!”
“Azad İran” Telegram kanalı xəbər verir ki, Şərqi Azərbaycan vilayətinin Vərziğan bölgəsinin İran parlamentindəki təmsilçisi Allahverdi Dehqani hökumətin vilayətdə idman sahəsinə diqqətsizliyini qınayıb. O, İran Mis Şirkətinin büdcəsində əyalətin idman sahəsinə vəsait ayrılmasını istəyib.
Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərindən İran parlamentində olan millət vəkillərinin iştirakı ilə keçirilən iclasda Vərziğan bölgəsinin Milli Mis Şirkətindən haqlı tələbləri müzakirə olunub.
Habelə sözügedən şirkətin mədən istismarına görə Vərziğana etməli olduğu ödənişləri yerinə yetirməməsi ilə bağlı məsələdən danışılıb.
“Onlar hər zaman olduğu kimi Azərbaycan xalqının, vərziğanlıların haqqını tapdalamağa alışıblar. 20 ildir Vərziğanda olan təbii ehtiyatları istismar etmələrinə baxmayaraq qanuni əsaslarla bölgəyə çatmalı olan haqqı ödəməkdən boyun qaçırırlar”, – deyə millət vəkili bildirib.
O, Kerman əyalətinin Rəfsəncan şəhərindən İran parlamentinə seçilmiş deputat Hüseyn Cəlalinin “Traxtur” futbol komandasına maliyyə yardımı edilməməsi ilə bağlı çıxışına toxunub, onu tayfaçılıqda ittiham edib.
“Rəfsəncan millət vəkili belə məsələlərə toxunmaq əvəzinə Azərbaycan xalqı və məsul şəxslərindən üzr istəməlidir. O, misi özünün malı hesab edir və buna tayfaçılıq təsəvvürü ilə yanaşır. Belə davranış azərbaycanlıların yüksək xarakterinə ziddir”, – deyə A.Dehqani kermanlı deputatı tənqid edib. O, H.Cəlalinin sözlərinə görə üzr istəməli olduğunu da çıxışına əlavə edib.