Son yeniləmə: 10 Dekabr 2021 14:31
Bayraqdar.info – Xəbər verdiyimiz kimi dekabrın 12-də Azərbaycanın güneyində baş vermiş 21 Azər Hərəkatının 76-cı ildönümüdür. Güney Azərbaycanda həm də Pişəvəri Hərəkatı kimi də qəbul olunan 21 Azər Hərəkatı 1945-ci il dekabrın 12-dən 1946-cı ilin dekabrınadək Güney Azərbaycanda fəaliyyət göstərən muxtar sosialist hökumət oldu. Paytaxtı Təbriz şəhəri olan hökumətə Seyid Cəfər Pişəvəri rəhbərlik edirdi.
Bəlli olduğu kimi 21 Azər 1945-ci ildə qurulan, paytaxtı Təbriz olan Azərbaycan Demokrat Firqəsi düz 1 il sonra fars rejimi tərəfindən işğal edildi. Azərbaycan Milli Hökumətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qaldı. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Azərbaycan Respublikasının Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak oldu.
Hökumətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam edildi, maarif naziri Məhəmməd Biriya sovet siyasi rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanıldı. Milli Hökumətin digər qurucuları da həbs və sürgünlərə göndərildi, ağır mühacirət həyatı yaşamağa məcbur oldu.
Onu da qeyd edək ki, İran rejimi bu gün də 21 Azər Hərəkatına qarşı qəzəbini və kinini gizlətmir.
ArazNews-un məlumatına görə, 21 Azər Hərəkatının növbəti ildönümü ərəfəsində fars molla rejiminin Güney Azərbaycana hücumları artıb. Saytın bu barədə verdiyi məlumatda son zamanlar atılan antitürk, antiAzərbaycan addımlarından bəhs edilir.