Son yeniləmə: 15 Dekabr 2021 02:11
Bayraqdar.info – “Zəfər paradının əhəmiyyəti həddindən artıq böyükdür. Bunun həm hərbi, həm tarixi, həm də mənəvi-psixoloji əhəmiyyəti var. Azərbaycan xalqı illərdir ki, bu qələbəni gözləyirdi. Ötən il noyabrın 10-dək Azərbaycan təqvimində bir gün əskik idi və bu gün məhz Zəfər günü idi. Məhz Azərbaycan dövləti, Azərbaycan Ordusu, Azərbaycan xalqı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə əldə etdi. Bu, tarixi bir nailiyyətdir. Bu, Azərbaycanın müstəqillik tarixində ən böyük zəfərdir və Azərbaycan xalqı haqlı olaraq bu günü Zəfər bayramı kimi qeyd edir. Ötən il dekabrın 10-da keçirilən parad da Zəfər paradı idi”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Ötən il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradının birinci ildönümü ilə bağlı dəyərləndirmə edən E.Həsənli daha sonra deyib: “Həmin paradda Şuşada və işğaldan azad edilmiş digər torpaqlarımızda ucaldılan bayraqlar rəsmi keçiddən keçirildi. Cənab Ali Baş Komandan Silahlı Qüvvələr Gününün ildönümləri ilə bağlı hərbi paradlarda bəyan edirdi ki, vaxt gələcək Şuşada və işğaldan azad ediləcək digər Azərbaycan torpaqlarında ucaldılacaq üçrəngli Azərbaycan bayraqları Azadlıq meydanına gətiriləcək. Bu belə də oldu. Ötən il dekabrın 10-da keçirilən Zəfər paradına o bayraqlar da gətirildi. Həmin paradda Vətən müharibəsində qalib gələn Silahlı Qüvvələrimizin müxtəlif bölmələri, qəhrəman əsgərlərimiz iştirak edirdi”.
Vurğulanıb ki, eyni zamanda, həmin paradda düşmənin məhv edilmiş və ya hərbi qənimət kimi ələ keçirilmiş hərbi texnikası da nümayiş etdirildi: “Bunun da çox böyük əhəmiyyəti var. Həm düşmən, həm də dünya gördü ki, Azərbaycan ordusu necə böyük gücə malikdir. Eyni zamanda, bütün dünya bildi ki, Ermənistan ordusu necə darmadağın edilib və onun məhv edilmiş, hərbi qənimət kimi ələ keçirilmiş hərbi texnikası Azadlıq meydanında nümayiş etdirildi. Hazırda da həmin texnika Hərbi Qənimətlər Parkında nümayiş etdirilir”.
E.Həsənli deyib ki, bu paradın daha bir əhəmiyyəti isə Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının növbəti dəfə nümayiş etdirilməsi ilə bağlı idi: “Həmin paradda Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanın da iştirakı dünyaya bir mesaj idi. Bu, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunun nümayişi idi. Türkiyə 44 günlük Vətən müharibəsinin ilk saatlarından sonuna qədər Azərbaycana mənəvi-siyasi dəstək verdi. Bütün dünyaya bəyan edildi ki, Türkiyə sonuna qədər Azərbaycanın yanındadır. Heç də təsadüfi deyil ki, Azərbaycanın hər yerində Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır. Həmçinin, bu paradda cənab Recep Tayyip Erdoğanın iştirakının əhəmiyyəti böyükdür. Azərbaycan və Türkiyə prezidentləri bu Zəfər paradını birgə qəbul etdilər. Bu, böyük, tarixi bir hadisədir. Bu paraddan sonra isə, daha doğrusu bu ilin mayında qardaş ölkənin Cümhurbaşqanı Şuşaya gəldi və iki ölkə arasında Şuşa Bəyannaməsi imzalandı. Bunun da çox böyük tarixi əhəmiyyəti var. Bu, iki ölkə arasında Qars müqaviləsindən sonra ən böyük və strateji müqavilədir”.
“Bu Zəfər paradı həm qəhrəmanlıq baxımından, həm də qələbə baxımından müstəsna əhəmiyyətə malikdir. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən yüksək səviyyədə olmasının göstəricisidir. Qazi Mustafa Kemal Atatürk deyirdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Kədərli gündə də, sevincli gündə də biz bərabər olduq, bütün dünyaya bunu nümayiş etdirdik. Eyni zamanda, Ulu öndər Heydər Əliyev deyirdi ki, biz millət, iki dövlətik. Bu savaş zamanı bir millət olduğumuz da bütün dünyaya nümayiş etdirdik. Bu hərbi paradın, Azərbaycan-Türkiyə qardaşlığının nümayişinin müstəsna əhəmiyyəti var. Bunu gələcək nəsillər daim xatırlayacaq. Bu bizim dünyada azad, suveren yaşamağımızın və heç bir zaman ərazi bütövlüyümüzdən, müstəqilliyimizdən geri çəkilməyəcəyimizin sübutudur”, – deyə E.Həsənli sonda vurğulayıb.