21 Azər Hərəkatı bir nümunə, qürur mənbəyi kimi bu gün Güney Azərbaycan gəncliyinin fəallığında mühüm rol oynayır
Bayraqdar.info – Məlum olduğu kimi dekabrın 12-də Azərbaycanın güneyində baş vermiş 21 Azər Hərəkatının 76-cı ildönümüdür. Bu həm də Güney Azərbaycanda Pişəvəri Hərəkatı kimi də qəbul olunur.
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı 1945-ci il dekabrın 12-dən 1946-cı ilin dekabrınadək Güney Azərbaycanda fəaliyyət göstərən muxtar sosialist hökümət oldu. Paytaxtı Təbriz şəhəri olan hökumətə Seyid Cəfər Pişəvəri rəhbərlik edirdi.
Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə bir sıra mühüm işlər, islahatlar həyata keçirdi. Belə ki, Azərbaycan türkcəsinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblərin açılması, milli teatr və mili filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və sağlıq klinikaları, sosial proqramlar, Güney Azərbaycan Milli Ordusunun yaradılması, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması və s. deyilənlərə bir sübutdur.
21 Azər 1945-ci ildə qurulan, paytaxtı Təbriz olan Azərbaycan Firqəsi düz 1 il sonra fars rejimi tərəfindən işgal edildi. Azərbaycan Milli Hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qaldı. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Azərbaycan Respublikasının Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak oldu. Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam edildi, maarif naziri Məhəmməd Biriya sovet siyasi rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanıldı. Milli Hökümətin digər qurucuları da həbs və sürgünlərə göndərildi, ağır mühacirət həyatı yaşamağa məcbur oldu.
Öz növbəsində həmin dövrə dair bayraqdar.info-nun suallarını cavablandıran Bütöv Azərbaycan Ocaqlarının başqanı Zahir Əlisoy deyib ki, hansı dönəmdən və prizmadan baxmaqdan aslı olmayaraq 21 Azər Hərəkatı Azərbaycan xalqının tarixində çox mühüm hadisədir: “Bu Hərəkat XX əsrdə Azərbaycanın güneyində gedən siyasi proseslər içərisində ən mükəmməlidir. Çünki həmin vaxt dövlət institutuna aid demək olar ki, bütün strukturlar qurulmuşdu. Eyni zamanda onu da deməliyəm ki, 21 Azər Hərəkatının- Pişəvəri Hərəkatının, o hökumətin apardığı siyasət və islahatlar 1918-20-ci illərdə Məhəmməd Əmin Rəsulzadənin və AXC-nin apardığı siyasətdən mahiyyət etıbarı ilə fərqlənmirdi. Yəni, bütün istiqamətlərdə atdığı addımlarla bir milli dövlət idi”.
Bu Hərəkatın öz məqsədlərinə nə qədər çata bilməsinə dair suala gəlincə Z.Əlisoy deyib: “Təbii ki, biz Azərbaycanın güneyində uzunmüddətli bir dövlət qura bilmədik. Bu dövlət bir ildən sonra məğlub oldu. Amma gələcək nəsillər üçün böyük bir iz qoydu. Pişəvəri Hərəkatının nəticəsi olaraq insanlar o dönəmlə qürur duymağa başladı və fars şovinizminin Azərbaycanın güneyində aparmaq istədiyi assimilyasiya siyasətinə çox böyük maneçiliklər törətdi. Bu Hərəkat insanların içərisində böyük sevgi və qürur hissi ilə xatırlandı, hazırda da xatırlanır. Uzunmüddətli dövlət qura, yaxud indiki İran coğrafiyasında tam hakimiyyətə gələ bilməsələr də, tarixdə böyük iz qoyma və milli qürur mərkəzinə çevrilmək baxımından çox böyük uğur idi”.
Həmin Hərəkatın bu gün Güneydəki Milli Oyanış Hərəkatınln sürətlənməsindəki roluna gəlincə müsahibimiz öncə onu qeyd edib ki, biz – Azərbaycanın quzeyində yaşayan Azərbaycan türkləri Pişəvəri Hərəkatının əhəmiyyətini güneydəki soydaşlarımız qədər duya bilmərik: “Çünki o coğrafiya baxımından Azərbaycanın güneyində baş vermiş prosesdir və insanların, Azərbaycan xalqının özünün yaratdığı bir hərəkat, bir dövlətdir. Bu, eyni zamnda bir mübarizlik nümunəsidir. Açığı deyək ki, qəhrəmanlıqlarla dolu olan bir mübarizədir. Heç şübhəsiz ki, Azərbaycanın güneyində bu gün də gedən siyasi proseslərdə 21 Azər Hərəkatı bir nümunə, qürur mənbəyi kimi Azərbaycan gəncliyinin fəallığında mühüm rol oynayır. Onu da deyim ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsindən sonra güneydə milli azadlıq hərəkatı daha da böyük sürət alıb. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanın güneyi də yenidən müstəqil dövlət olacaq və Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparmış bütün şahidlərimizin ruhunu şad edib, bütöv Azərbaycanı quracağıq”.