Son yeniləmə: 9 Dekabr 2021 10:39
Bayraqdar.info – Dekabrın 9-da STEAM Azərbaycan Festivalı işə başlayır. Təhsil Nazirliyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak edəcək.
Xəbəri dekabrın 9-da bayraqdar.info-ya Təhsil Nazirliyinin Mətbuat xidmətindən veriblər.
Festival çərçivəsində nəzərdə tutulan yarışlar “STEAM Open (Makerthon)”, “Hackaton”, “Micro:bit”, “Lego Sumo senior”, “Lego Sumo junior”, “Line folower”, “3D Cad”, “Short movie”, “Edu dron”, “Humanoid robot” üzrə kateqoriyaları istiqamətində reallaşacaq. İştirakçılar Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olacaq, oyunun aktiv iştirakçısına çevrilə bilmək imkanı qazanacaqlar. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.
Nazirlikdən qeyd edilib ki, STEAM layihəsi çərçivəsində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə mütəmadi olaraq yarış və müsabiqələr keçirilir. STEAM Azərbaycan festivalının təşkili də həmin fəaliyyətlər sırasındadır.
Festivalın rəsmi açılışından sonra kateqoriyalar üzrə yarışlara başlanılacaq. Dekabrın 10-da isə həvəsləndirici yarışların təşkili və qalib komandaların mükafatlandırılması nəzərdə tutulur.
“2019-cu ildən Nazirlik tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsil alanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə bacarıqlarını formalaşdırmağa yönəlib”, – deyə xəbərdə bildirilir.