Press "Enter" to skip to content

İran məhkəməsindən Qarabağa dəstək verənlərə şallaq cəzası

İran rejiminin təqibindən əziyyət çəkən fəallar

Bayraqdar.info – Ərdəbil əyalətinin Apellyasiya (تجدیدنظر) Məhkəməsinin 10-cu şöbəsində ötən il Ciral Parkında Qarabağa dəstək mitinqi zamanı tutulan 12 milli fəalın şikayətinə baxılıb.

“Azad İran” Telegram kanalı xəbər verir ki, hakim Sasan Balaxaninin sədrliyi ilə keçirilən məhkəmədə fəallara qarşı şallaq hökmü qüvvədə saxlanılıb.

Eyni zamanda onlar kifayət qədər sübut olmadığından “xidməti vəzifəsini yerinə yetirən polis məmurlarının qanuni əmrlərinə tabe olmamaq” ittihamından bəraət alıblar.

Bundan başqa, fəallara qarşı “ictimai asayişi pozmaq” ittihamı ilə çıxarılmış 7 ay 16 gün həbs cəzası 3 aya endirilib. Amma hər birinə 76 şallaq zərbəsi vurulması ilə bağlı hökm qüvvədə saxlanılıb. Bu hökmlə fəallara qarşı çıxarılmış həm həbs, həm də şallaq cəzalarının icrası 1 il müddətinə təxirə salınıb.

Apellyasiya Məhkəməsinin keçirilməsi ilə eyni vaxtda Ərdəbil İnqilab Məhkəməsinin 2 saylı şöbəsində Abdullah Qədiminin sədrliyi ilə keçirilən prosesdə fəallara “ali rəhbəri təhqir etmə” və “milli əmniyyət əleyhinə fəaliyyət” ittihamları üzrə bəraət verilib. Bu barədə onlara məhkəmə tərəfindən şifahi məlumat verilib.

Qeyd edək ki, həmin fəallar Pərviz Siyabi, Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Mehdi Huşmənd, Səccad Colani, Hamed Heydəri, Murtəza Pərvin, Məhəmməd Colani, Bəhmən Xeyrcu, Mustafa Pərvin və Sübhan Bəxşidir.

Əlavə edək ki, bu fəalların məhkəməsi haqqında bayraqdar.info oktyabr ayında məlumat vermişdi.

“Müsəlman” İrandan Qarabağa dəstək verənlərə ağır cəza

Mission News Theme by Compete Themes.