Son yeniləmə: 9 Dekabr 2021 17:22
Bayraqdar.info – Azərbaycan Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “İZ” gənclər düşərgəsi öz işinə başlayıb.
Bu barədə bayraqdar.info-ya dekabrın 9-da İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “İZ” gənclər düşərgəsinin əsas məqsədi adından da bəlli olduğu kimi, gənclərimizə Azərbaycanın dövlətçilik, mədəniyyət, sənətkarlıq, elm, ordu quruculuğu, tarixi haqqında geniş məlumat vermək, eləcə də görkəmli şəxsiyyətlərimizi tanıtmaq, milli-mənəvi dəyərlərimizi aşılamaqdır. Layihə Azərbaycanın görkəmli şəxslərinin gənclərə tanıdılması, onlarda milli kimliyin formalaşması baxımından da olduqca əhəmiyyətlidir.
Qeydedilib ki, dahi şəxsiyyətlərin həyatı, ədəbi-elmi irsi, Azərbaycan dövlətçiliyi üçün göstərilən fəaliyyətin təbliği gənclər üçün ən yaxşı nümunələrdəndir. “İrəli” İB olaraq Azərbaycan tarixində öz sözünü deyən dahiləri tanıdıb-təbliğ etmək istiqamətlərində gördüyümüz işlərdən biri də “İZ” layihəsidir.
Vurğulanıb ki, 8-12 dekabr 2021-ci il tarixlərində keçiriləcək “İZ” layihəsi çərçivəsində iştirakçılarla ümumi görüş keçirilib, düşərgə qaydaları haqqında ətraflı məlumatlar verilib: “Daha sonra gənclər komanda təqdimatlarında iştirak edərək praktiki sessiyada öz komandaları haqqında topladıqları məlumatları nümayiş etdiriblər.
Layihə iştirakçılarının “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı ilə görüşü keçirilib. Ümummilli Liderin “Azərbaycanın hər bir gənci öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilmirsə, o, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər onu bilməsə, o, millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz” sözlərini xatırladan təşkilat sədri layihənin bu baxımdan əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Dövlət Gənclər Siyasətinin əsasında tarixinə, milli-mənəvi dəyərlərinə bağlı vətənpərvər gənclərin formalaşması dayanır ki, “İrəli” də aktiv şəkildə bu istiqamətdə tədbirlər həyata keçirir. Şahin Rəhmanlı əlavə edib ki, gələcəkdə də bu kimi tədbirlərin təşkili davam edəcək”.
Layihə iştirakçılarının, həmçinin tanınmış televiziya və radio aparıcısı, əməkdar mədəniyyət işçisi Rahib Azəri ilə görüşü keçirilib.