Bayraqdar.info – İranın keçmiş mədəniyyət naziri Əhməd Məsced Camei Azərbaycan Respublikasına qarşı qatı fars şovinizminin bariz nümunəsi olan fikirlər səsləndirib.
“Azad İran” Telegram kanalı xəbər verir ki, bir neçə gün öncə Azərbaycanın İrandakı səfirliyi Tehranın bəzi küçələrinə Azərbaycan şəhərlərinin təhrif edilmiş adlarının qoyulmasına görə Şəhər Şurasına etiraz edib.
Ə.M.Camei səfirliyin etirazına münasibət bildirərkən Azərbaycan mədəniyyəti və tarixinə qarşı şovinist fars yanaşmasını bir daha nümayiş etdirib.
O, Tehranda Fransa və Britaniya ilə əlaqəli adların da küçələrə verildiyini, lakin həmin ölkələrin buna etiraz etmədiyini deyib. Amma sabiq nazir ölkəsində həmin fransız və ingilis adların təhrif edilmədiyini, Azərbaycan şəhərlərinin adlarının isə niyə təhrif edilərək hətta “İranın mədəniyyət arealına daxil olan şəhərlər” kimi təqdim edilməsinin səbəbini “unudub”. O, əksinə bu cür təhrif edilmiş adların küçələrə qoyulmasına dəstək verib.
Ə.M.Camei Nizami Gəncəvini “fars ədəbiyyatının böyük şairi” adlandıraraq guya hazırkı Azərbaycan Respublikasının tarixdə başqa cür adlandığını iddia edib.
Qeyd edək ki, iranlı nazirin iddialarının əksinə olaraq tarixdə onun hazırda yaşadığı ölkənin adı mövcud olmayıb. İran adı tarixən Azərbaycan türklərinin idarə etdiyi bu coğrafiyaya 1935-ci ildə Rza Şah Pəhləvi tərəfindən verilib.