Press "Enter" to skip to content

Cavid Aydın: Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək

Cavid Aydın

Son yeniləmə: 9 Dekabr 2021 15:52

Bayraqdar.info – “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar olaraq bir sıra tədbirlər keçirməyi planlaşdırırıq”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.

Onun sözlərinə görə, bu tədbirlərin mərkəzi olaraq da dekabrın 29-da geniş bayram mərasimi keçiriləcək: “Həmin tarixdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə geniş bayram tədbiri keçirəcəyik. Eskişehirdəki azərbaycanlıların qatılımı ilə gerçəkləşəcək bədii-əyləncəli gecədə çıxışlar olacaq və musiqilər dinlənəcək. Onu da deyim ki, həmin gecə üçün bir sürprizimiz də var. Belə ki, Dərnəyimizin fəalları hazırda Azərbaycanın önəmli şəxslərindən görüntülü təbriklər alır. Eskişehirdəki azərbaycanlılara ünvanlanan həmin bayram təbriklərini bir yerə toplayıb, həmin gecə yayımlayacayıq”.

C.Aydın bildirib ki, bundan əlavə dekabrın 30-da yerli televiziyada yayımlanan “Üç çızgi” proqramının növbəti buraxılışı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr ediləcək: “50 dəqiqəlik həmin proqrama qatılaraq bu günün mahiyyəti barədə danışacam. Eyni zamanda, Dərnəyimizin Gənclik Qollarının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı hazırlayacaqları ekskluziv video dekabrın 31-də Youtube kanalımızda yayımlanacaq”.

Mission News Theme by Compete Themes.