Son yeniləmə: 9 Dekabr 2021 11:30
Bayraqdar.info – Noyabrın 30-dan dekbrın 1-nə kimi olan tarixlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində İNTERPOL-un “Geiger” layihəsinin İşçi qrupunun Qara Dəniz, Qafqaz və Mərkəzi Asiya regionlarının müvafiq strukturlarının nümayəndələri ilə görüşü keçirilib.
Bu barədə bayraqdar.info-ya Baş Prokurorluqdan məlumat verilib. Məlumatda qeyd edilir ki, “Geiger” layihəsi radioloji və nüvə terrorçuluğu ilə mübarizə məsələlərini əhatə edir. İşçi qrupun məqsədi, regional və qlobal səviyyələrdə məlumat mübadiləsini artırmaqla radioloji və nüvə terrorçuluğu təhlükəsinin qarşısının alınmasında üzv ölkələrə yardım etməkdən ibarətdir.
Tədbirdə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Kamran Həsənov təqdimatla çıxış edib. O, ölkənin terrorçuluğa qarşı mübarizəyə fəal töhfə verdiyini qeyd edib. Milli qanunvericilikdə terrorçuluq, radioaktiv materiallarla qanunsuz davranma, onların talanması və hədə-qorxu ilə tələb edilməsi ilə bağlı işlərin ibtidai istintaqı zamanı Prokurorluğun rolu və üzərinə düşən vəzifələr haqqında danışıb.
Görüşün yekununda INTERPOL nümayəndələri ilə ikitərəfli görüş keçirilib və “Geiger” layihəsi çərçivəsində yaradılacaq Analitik altqrupun gələcək əməkdaşlıq istiqamətlərinin perspektivləri müzakirə edilib.