Press "Enter" to skip to content

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə töhfə verir

Xarici İşlər Nazirliyi

Son yeniləmə: 9 Dekabr 2021 18:16

Bayraqdar.info – Dekabrın 9-da İndoneziyada Bali Demokratiya Forumunun “İnsanlıq üçün demokratiya: pandemiya dövründə iqtisadi və sosial ədalətin təşviq olunması” mövzusunda 14-cü sessiyası keçirilib. Tədbirdə ölkəmizi xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, sessiyada onlayn formatda iştirak edən M.Məmməd-Quliyev çıxışında Azərbaycanın COVİD-19 pandemiyası ilə qlobal mübarizəyə verdiyi töhfələri vurğulayıb, ölkəmizin “vaksin millətçiliyinə” qarşı çıxdığını qeyd edib: “Bu xüsusda o, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkəmizin Qoşulmama Hərəkatının sədri qismində təklifi əsasında 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirildiyi, eləcə də Qoşulmama Hərəkatı adından Azərbaycanın irəli sürdüyü “Bütün ölkələrin vaksinlərə bərabər və universal əlçatanlığının təmin edilməsi” barədə qətnamənin BMT-nin İnsan Hüquqları Şurasında konsensusla, BMT Baş Assambleyasının 3-cü komitəsində isə dövlətlərinin böyük əksəriyyəti tərəfindən dəstəklənərək qəbul edildiyini xatırladıb. Nazir müavininin çıxışında, həmçinin ölkə daxilində pandemiya dövründə əhalinin sosial və iqtisadi hüquqlarının təmin edilməsi istiqamətində görülən tədbirlər öz əksini tapıb”.

Vurğulanıb ki, nazir müavini 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam etmiş münaqişəyə son qoyulduğunu, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu tədbir iştirakçılarının diqqətə çatdırıb. Davamlı sülhün və inkişafın Azərbaycanın gələcəyə baxışının əsasını təşkil etdiyini bildirən nazir müavini, üçtərəfli bəyanatların tam həyata keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Çıxışı zamanı nazir müavini, əsrlər boyunca müxtəlif etnik və dini qrupların birgə, dinc yaşadığı Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə önəm və töhfə verməsindən bəhs edib. Bu xüsusda ölkəmizin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi bildirilib.

Forumda bir çox dünya və region dövlətlərinin ictimai və siyasi xadimləri, o cümlədən ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu çıxış ediblər.

Məlumat üçün bildirmək istərdik ki, Bali Demokratiya Forumu İndoneziya hökumətinin təşəbbüsü ilə 2008-ci ildən etibarən keçirilir və Asiya-Sakit okean və daha geniş regionda demokratiyanın müsbət təcrübələrin mübadiləsi yolu ilə təşviqinə xidmət etməkdədir.

Mission News Theme by Compete Themes.