Press "Enter" to skip to content

Yücel Karauz: Qazaxıstan-Özbəkistan əlaqələri ən yüksək nöqtəyə çatıb

Dr. Yücel Karauz

Son yeniləmə: 8 Dekabr 2021 13:25

Bayraqdar.info – “Qazaxıstanla Özbəkistan arasındakı əlaqələrin müttəfiqlik səviyyəsinə qaldırılması çox təqdiredici və sevindiricidir. Bununla da 2017-ci ildən bəri genişlənməkdə olan Qazaxıstan – Özbəkistan əlaqələri tarixin ən yüksək nöqtəsinə çatıb”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyenin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Qeyd edilib ki, bu günlərdə Qazaxıstana rəsmi səfər edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki ölkə əlaqələrini müttəfiqlik səviyyəsinə qaldıran İttifaq Bəyannaməsini Qazaxıstanın Prezidenti Qasım-Jomart Toqayevlə birgə imzalayıb: “Bu sənədin imzalanması ilə Qazaxıstan və Özbəkistan öncəliklə öz bölgələrində sülhə, sabitliyə, inkişafa, o cümlədən regional və qlobal gündəmə dəstək vermək üçün ortaq şəkildə hərəkət etməyi hədəfləyib. Bu konteksdə də Əfqanıstandakı mövcud vəziyyət də daxil, bir sıra məsələlərdə ortaq addım atmaq inamını ifadə ediblər. Eyni zamanda iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində də vacib bir prinsip qəbul edilib. Bu iki ölkə arasındakı qarşılıqlı ticarət həcminin bu il ərzində 30 faiz artaraq 3 milyard dolları keçməsi hədəflənib. Bunun başlanğıcda 5 milyard, yaxın gələcəkdə isə 10 milyard dollara çatdırılması planlaşdırılır. Bir sözlə, həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından önəmli hədəflər ortaya qoyulub”.

Müsahibimiz onu da deyib ki, bu sənədin bəndlərinin yerinə yetirilməsi məqsədi ilə dövlətlərarası bir şura yaradılacaq: “Bu da mühüm addımdır. Eyni zamanda, tərəflər arasında bütün sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub. Ən önəmlisi isə Orta Asiya Beynəlxalq Sənaye Mərkəzinin qurulması, Çimkənd-Daşkənd marşurutu üzərində sürətli sərnişin qatarı və digər nəqliyyat layihələri də reallaşdırılacaq. Bir sözlə, iqtisadi əlaqələri daha da dərinləşdirəcək dəmir yolu və avtomobil yolu nəqliyyatı ilə bağlı sazişlərin imzalanması da diqqət mərkəzindədir. Çünki bu müqavilələr həm də regional və qlobal nəqliyyat əlaqələrinin inkişafına təkan verəcək”.

Y.Karauz deyib ki, bu sənədin imzalanması, iki ölkənin əməkdaşlığının müttəfiqlik səviyyəsinə qalxması öz müsbət təsirini Türk Dövlətləri Təşkilatının fəaliyyətində də göstərəcək: “Həm də Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstanla Özbəkistan arasında İttifaq Bəyannaməsinin imzalanması türk dünyasının daha dərindən inteqrasiyasına əlavə təkan verəcək. Eyni zamanda bu iki ölkənin Orta Asiya konteksində bərabər və ortaq vizyonu Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin qlobal layihələrdə daha güclü şəkildə iştirak etmələrinə imkan yaradacaq. Bir sözlə, bu, iki ölkə arasındakı əməkdaşlıqdan daha geniş anlamda xüsusi əhəmiyyət kəsb edir. Onu da deyim ki, iki ölkə təhlükəsizlik və hərbi əməkdaşlıq məsələsində də birgə önəmli addımlar atmaqdadır”.

Mission News Theme by Compete Themes.