Son yeniləmə: 8 Dekabr 2021 11:02
Bayraqdar.info – Özbəkistanın tarixi Turon kitabxanası ilə Azərbaycanın Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi arasında əməkdaşlığa dair Memorandum imzalanıb. İmzalanma Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında baş tutub.
Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, layihəyə Azərbaycan və Özbəkistanın mədəniyyət nazirlikləri müvafiq dəstək göstərib.
Memorandumu Özbəkistan tərəfindən Turon kitabxanasının direktoru Dildora Abduazizova Azərbaycanın Şuşa rayon MKS-i adından Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli imzalayıb.
“Memorandumda iki kitabxana arasında münasibətlərin genişləndirilməsi, daha da inkişaf etdirilməsi, elm, təhsil və ədəbiyyat sahəsində maraq doğuran informasiyaların mübadiləsi öz əksini tapıb. Hər iki ölkənin tanınmış tarixi şəxsiyyətlərinin, mədəniyyət-sənət nümayəndələrinin qarşılıqlı yubileylərinin, yaradıcılıq gecələrinin təşkili, xalqların zəngin tarixi, mədəniyyəti, adət və ənənələri mövzusunda beynəlxalq tədbirlərin, konfransların keçirilməsi, kitabxana-informasiya sahəsinin aktual problemləri, kitabxanaların avtomatlaşdırılması məsələləri ilə əlaqədar təcrübə mübadiləsi və əməkdaşlığın həyata keçirilməsi, virtual sərgilərin təşkili, birgə konfrans, seminar, təqdimat, sərgi və müzakirələrin reallaşdırılması və s. istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
“Daşkənddəki Turon kitabxanasında keçirilən mərasimdə iştirakçılar Kitabxanada yaradılmış Qarabağ guşəsini ziyarət edərək guşəyə Azərbaycan mədəniyyətinə dair hədiyyələr ediblər.
“Kitabxananın direktoru Dildora Abduazizova Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq nəticəsində çoxsaylı birgə layihələrin həyata keçirildiyini qeyd edib. O, Şuşa şəhərinin qədim tarixi, Azərbaycan mədəniyyətinin beşiyi olaraq zəngin ənənələrə malik olduğunu və Şuşanın mərkəzi kitabxanası ilə əməkdaşlığın onlar üçün əhəmiyyətli olduğunu bildirib.
“Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli iki ölkə arasında mədəni əlaqələrin inkişafı, Türk dünyası arasında əməkdaşlığın genişləndirilməsi haqqında danışıb.
“Özbəkistan Ali Məclisinin deputatı Gulbahar Saidqaniyeya, Özbəkistan Yazıçılar İttifaqının katibi Qayrat Məcid Azərbaycanı bir daha Vətən torpaqlarının işğaldan azad olunması və qələbə münasibəti ilə təbrik ediblər”, – deyə xəbərdə bildirilir.
Mərasimin sonunda Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Qızıl körpü” adlı sənədli film nümayiş etdirilib.