Son yeniləmə: 8 Dekabr 2021 13:41
Dünyada yeddi milyondan çox beynəlxalq tələbənin olduğu təxmin edilir
Bayraqdar.info – “Hər il Azərbaycandan minlərlə gənc təhsil almaq üçün, qardaş ölkə Türkiye başda olmaqla dünyanın müxtəlif ölkələrinə gedir. Eləcə də minlərlə gənc Azərbaycanın mühüm təhsil ocaqlarına təhsil almaq üçün gəlir. Burada tez-tez təhsil sərgiləri keçirilir. Bu hərəkətliliyi təşkil etmək üçün yüzlərlə şirkət fəaliyyət göstərir və minlərlə işçisi ilə firmalar qazanc əldə edir. Bir sözlə, dərindən təhlil etdikdə görürük ki, xaricdə təhsil, əslində özündə maddi, mənəvi, siyasi və ən əsası da genişmiqyaslı ideoloji faktorları cəmləşdirən böyük şəbəkədir”.
Bunu bayraqdar.info-ya özəl müsahibəsində “Oxford YÖS Kursları”nın müdiri İbrahim Yıldırım deyib. Onunla növbəti müsahibəmizdə günümüz üçün əsas diqqət mərkəzində olan xaricdə təhsil məsələsinə dair bəzi suallara cavab aldıq.
Müstəmləkə dövlətləri işğal etdikləri ölkələrdə öz adları ilə universitet və kolleclər qururdu
-İbrahim bəy, ilk növbədə “beynəlxalq tələbə olmaq nə deməkdir” sualına cavab verməyinizi xahiş edərdik…
-Əslində, UNESCO bu tərifi verib. Həmin tərifi əsas götürsək, beynəlxalq tələbə dedikdə təhsil üçün öz ölkəsinin sərhədlərini keçən və başqa ölkənin təhsil müəssisəsinə daxil olan tələbə nəzərdə tutulur. Hazırda dünyada yeddi milyondan çox beynəlxalq tələbənin olduğu təxmin edilir. 2030-cu ilə qədər dünyada pandemiya kimi hansısa fövqəladə vəziyyət yaranmasa, bu rəqəmin 20 milyona çatacağı gözlənilir.
-Dediniz ki, təhsil almaq üçün xaricə gedənlər. Elə isə bu prosesin yaranma tarixi barədə nə deyə bilərsiniz?
-İnsanın təhsil məqsədləri üçün hərəkətliliyi, yəni bir ölkədən başqa ölkəyə, bir diyardan başqa diyara getməsi əsrlər əvvəl başlamışdır. Tarixdən ilk olaraq insanların fəlsəfə, riyaziyyat, məntiq, din elmləri kimi sahələrdə təhsil almaq üçün başqa ölkələrə səyahətlərə başladığı məlumdur. Lakin təəssüflər olsun ki, ilk başlanğıcda öyrənmək kimi müqəddəs istəyə əsaslanan bu hərəkat sonradan imperiya xislətli qüvvələrin qara məqsədlərinin reallaşması üçün vasitəyə çevrilib.
-Bunu bir qədər əhatəli izah edə bilərsinizmi?
-Əlbəttə. Məsələ burasındadır ki, öyrənmək istəyinə əsaslanan bu hərəkat XVI əsrdən etibarən müstəmləkəçilik fəaliyyətlərinə əsaslanan şüurlu dövlət hərəkatına çevrilmişdir. Konkret desək, İngiltərə, Hollandiya və İspaniya kimi dövlətlər müstəmləkəçilik fəaliyyətlərini həyata keçirdikləri ölkələrdə təhsil hərəkatına başladılar. Onlar işğal etdikləri və ya basqın edəcəkləri ölkədə məqsədlərinə uyğun istifadə edə biləcəkləri kadr yetişdirmək üçün öz ölkələrinin təhsil sistemini bu müstəmləkə ölkələrinə gətirdilər. Məsələn, bu ölkələr bəzən hədəf kimi seçdikləri dövlətlərdə xalq arasından seçilmiş istedadlı tələbələri aparıb yetişdirir, sonra vətəninə göndərir və dövlət idarəçiliyində mühüm vəzifələrə gətirirdilər. Nəticədə qalanı içəridən fəth etmiş olurdular. Bu sistemin, siyasətin nə qədər uğurlu olduğunu günümüzdə bir milyon əcnəbi tələbənin təhsil aldığı ABŞ-ın timsalında görə bilərik. Bu məqamda bir faktı da unutmaq olmaz ki, bu gün 20-yə yaxın ərəb ölkəsinin hökmdarlarının ortaq cəhəti məhz onların Amerikada ali təhsil almalarıdır. Firkimcə, burada artıq şərhə ehtiyac qalmır.
-Siz dediniz ki, bu prosesə XVI əsrdə başlanılıb. Bəs ötən əsrdə bu sahədə atılan addımlarla bağlı nə deyə bilərsiniz?
-XIX əsrdən etibarən bu hərəkətlilik universitetlərin təşkili ilə peşəkar ölçüyə daşınmışdır. Müstəmləkə dövlətləri işğal etdikləri ölkələrdə öz adları ilə universitet və kolleclər qurmuş, qlobal kapitalist sistemin ehtiyac duyduğu insan modelini yetişdirməyə başlamışlar. Daha yaxın dövrlərə gəlsək, iki dünya müharibəsi yaşayan yer üzünün ikiqütblü quruluşa keçdiyi zaman “informasiya cəmiyyəti” anlayışı ön plana çıxdı. Biliyin önə çıxması ilə universitetlər ən prestijli qurumlara çevrildi. Xüsusən də Amerika və İngiltərə universitetləri elm və texnologiya mərkəzləri kimi “cazibə” mərkəzinə çevrildilər. 1990-cı illərdən elm və texnologiyanın istehsal olunduğu bu ölkələrin universitetlərində təhsil almaq ayrı-ayrı şəxslər və qurumlar üçün prestijə çevrildi və bu, öz aktuallığını hazırda da qoruyur.
Əcnəbi tələbə axını “cənubdan şimala”, “şərqdən qərbə”dir
-Əcnəbi tələbə mobilliyinin istiqmaətini necə təsfir etmək olar?
-Mobilliyi araşdıranda görürsən ki, əcnəbi tələbə axını “cənubdan şimala”, “şərqdən qərbə”dir. İmmiqrasiya ölkələri ilə tələbə cəlb edən ölkələr arasında ciddi “ziddiyyət” var. Hərəkət daha “zəif” dövlətlərdən iqtisadi inkişafı daha yüksək və təhsil imkanları daha yaxşı olan ölkələrə doğru gedir. 2014-cü ildə aparılan bir araşdırmaya görə, hərəkətliliyin 52 faizi Asiya, 23 faizi Avropa, 12 faizi isə Afrika ölkələrindəndir.
-Ümumiyyətlə, bu mobillikdə hansı amillər önə çıxır? Gənclər niyə öz ölkələrini tərk etmək ehtiyacı hiss edirlər?
-Bunun təbii ki, çoxlu səbəbləri var. Buna iki aspektdən baxmaqda fayda var. “Miqrasiya” kimi dəyərləndiriləcək bu hərəkatda “itələmə” (gənclərin təhsil üçün tərk etdikləri ölkələr) və “çəkmə” (gənclərin təhsil almaq üçün axın etdiyi ölkələr) faktorları var. İtələmənin səbəbləri aşağıdakılardır:
–Kvota çatışmazlığı
-Proqramların çatışmazlığı
-Siyasi qeyri-sabitlik
-Daxili qarışıqlıq
-Təhsilin baha olması
Çəkmənin səbəblərini isə aşağıdakı kimi ümumiləşdirə bilərik:
–Keyfiyyətli və ya ucuz təhsil
-Yüksək yaşayış standartları
-Təqaüd/iş tapmaq imkanı
-Uzunmüddətli yerləşmə imkanı
Başqa səbəblər də demək olar, amma əsas maddələr yuxarıda dediyim kimidir.
-Hazırda dünyanın hansı ölkələri əcnəbi tələbələr üçün cəlbedici mərkəz kimi görünür?
-Bu gün beynəlxalq tələbə mobilliyində üstünlük verilən ilk beş ölkə ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstraliyadır. Bu beş ölkə hazırkı dünya üzrə sayı 7 milyonu ötən əcnəbi tələbənin yarıdan çoxunu cəlb edib.
Bu ölkələr həm də yüksək təhsil haqqı ilə ciddi gəlir əldə edir və marketinq texnikası ilə işləyirlər. Onlardan başqa son on ildə müxtəlif aktorlar da bu prosesə cəlb olunub. Məsələn, Çin, Körfəz ölkələri və Asiya-Sakit Okean ölkələri tələbə göndərməklə yanaşı, tələbə cəlb edən ölkələr sırasında olmağı bacarıb. Türkiye də son 5 ildə bu sahədə söz sahibi olub və 2009-cu ildəki 18 min olan əcnəbi tələbə sayını bu gün 230 minə çatdıraraq ilk 10 dövlətdən biri olub. Tələbə göndərən ölkələrin reytinqində 1 milyondan çox tələbə ilə Çin birinci yeri tutur. Hindistan (400 min), Almaniya (130 min), Cənubi Koreya (120 min) və Səudiyyə Ərəbistanı (100 min) növbəti yerləri tutur. Tələbə cəlb etmək istəyən universitetlər universitet daxilində yeni tanıtım bölmələri yaradır və bu sahədə xidmət göstərən şirkətlərlə əməkdaşlıq edirlər. Firmalar xarici tələbələrin cəlb edilməsində böyük əhəmiyyət kəsb edən qurumlardır. Bundan əlavə, xarici tələbələrin təhsil və yaşayış xərclərinin ölkələr üçün əhəmiyyətli bir gəlir mənbəyi olduğu görünür.
-Beynəlxalq tələbə mobilliyi təhsilin hansı sahələrində daha intensivdir? Bakalavr və ya magistr baxımından müqayisə edə bilərsinizmi?
-Xarici tələbələrin sıxlığını nəzərə alsaq, bakalavr təhsilində ümumiyyətlə mobilliyin ön plana çıxdığı görülür. Bundan əlavə, bu sahədə dil hazırlığı mühüm yer tutur. Çünki ingilis dilini və ya təhsil dili olan yerli dili öyrənmək zərurətdir. Bundan əlavə, müxtəlif məqsədlər üçün dil öyrənmək istəyən milyonlarla insan var. Bu sahədə nəşrlər hazırlayan, dövriyyəsi milyonlarla dollar olan dil məktəbləri və şirkətlər var.
-Bəs, pandemiyadan sonra yaranan onlayn təhsil haqqında nə demək istərdiniz?
-Beynəlxalq tələbələr internet üzərindən minlərlə kilometr uzaq məsafədə təhsil ala və imtahanlarını onlayn verə bilərlər. İstəyən hər kəs maddi və mənəvi yorğunluq yaşamadan təhsil ala bilər. Klassik təhsili əvəz edə bilməsə də, indi onlayn təhsil bir seçimdir və düşünürəm ki, dövlətlər təhsil siyasətini təşkil edərkən bu faktı nəzərə almasınlar. Türkiyedə bu sahədə ciddi təcrübə var və xüsusilə Ərzurum və Anadolu Universitetlərinin distant təhsili dünyanın hər yerindən tələbələri bir araya toplayır.
Könül istərdi ki, bu ortaq universitet dahi Nizaminin adını daşısın
-Son olaraq qayıdaq türk dünyasına. Bu gün türk dünyası sadaladığınız təhsil savaşında ayaqda durmaq üçün nə etməlidir?
-Öncə onu deyim ki, “əcnəbi tələbələrin tortundan pay almaq” üçün türk cümhuriyyətləri də ümumbəşəri gücünü və təcrübəsini ortaya qoyaraq uğurlu təhsil siyasəti hazırlamalıdır. Son vaxtlar bu sahədə ciddi irəliləyişlərin olduğu da görünür. Məsələn, Qazaxıstan Əl-Farabi Universiteti dünyanın ən yaxşı 200 universiteti sırasındadır. Qırğızıstandakı Manas Universitetinin möhtəşəm kampusu və çox uğurlu təhsil proqramları var. Yenə də Özbəkistanın səhiyyə sahəsində uğurları orta səviyyədədir. Amma bunlar tək-tək nümunələr halında nə qədər güclü görünsə də, bu gücləri birləşdirmək bir neçə baxımdan türk dünyasının xeyrinə ola bilər.
Əvvəla gənclərimiz daha keyfiyyətli təhsil uğruna bizi içəridən fəth etmək üçün oyunlar quran Qərb ölkələrinin deyil, türk dövlətlərinin universitetlərini seçə bilərlər. Bunun üçün işimizi daha məsuliyyətli və gələcəyə hesablanmış formada qurmağımız tələb olunur. Məsələn, niyə türk əsilli gənclər qardaş Azərbaycanın elit universitetlərində bir yerdə təhsil almasınlar? Düşünürəm ki, biz bu təcrübədən, zənginlikdən türk dünyasının birliyi üçün kifayət qədər istifadə etmirik. Təbliğat artırılmalı, gənclərə maliyyə imkanları yaradılmalı, lazım gələrsə ortaq universitetlər qurulmalı, lazım gələrsə türk dövlətləri arasında keyfiyyətli fakültə bölgüsü aparılmalıdır.
Deyək ki, yaxşı həkim olmaq istəyən türk dövlətləri gəncləri Türkiyeyə, memar olmaq istəyənlər Özbəkistana, neft üzrə mütəxəssis olmaq istəyən Azərbaycana, kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istəyən digər bir türk dövlətinə yönləndirilə bilər. Yəni hər ölkə bir fakültə üzrə ixtisaslaşır. Nəticədə həm pullar öz ölkələrimizin büdcəsinə köçür, həm də gənclərimiz yad ideologiya ilə zəhərlənməzlər.
Ən sonda, bu günlərdə eşitdiyim Türkiye-Azərbaycan ortaq universitetnin yaradılması xəbərinə toxunmaq istəyirəm. Hesab edirəm ki, bu universitet türk dünyasının təhsil sahəsində birliyinin simvoluna çevriləcək. Bir də, könül istərdi ki, bu ortaq universitet dahi Nizaminin adını daşısın.
Vacib: İ.Yıldırımın bir öncəki müsahibəsində də çox maraqlı məqamlara toxunulmuşdu. O baxımdan həmin müsahibəni də dəyərli və sadiq oxucularımıza təqdim edirik.