Son yeniləmə: 8 Dekabr 2021 14:09
Bayraqdar.info – Hər il əmək bazarına təxminən 100 mindən çox gəncin daxil olması qarşıya əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması kimi mühüm vəzifə qoyur.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dekabrın 8-də Bakıda keçirilən Azərbaycan Karyera İnkişaf Forumundakı çıxışında deyib. ƏƏSMN tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, həmçinin millət vəkilləri, dövlət və özəl qurumların, ali təhsil müəssisələrinin nümayəndələri, karyera mərkəzlərinin təmsilçiləri, yerli və xarici spikerlər, tələbələr iştirak edir.
Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, “Gələcəyə hazır ol!” devizi ilə keçirilən Forumun məqsədi daim dəyişən əmək bazarı barədə məlumatlılığı artırmaq, iştirakçıları gələcəyin peşə və bacarıqları ilə tanış etmək, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün atılmalı addımları müzakirə etməkdir.
Forumda çıxış edən nazir S.Babayev bildirib ki, əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlərastlaşırlar. Digər tərəfdən ixtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35 faizdən çox deyil.
Nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. O, son 4 ildə əmək müqavilələrinin sayının 30 faiz artaraq 1 milyon 685 minə çatdığını, əməkhaqqı fondunun 92 faiz artdığını qeyd edib.
Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxsin işlə, 122 min şəxsin ödənişli ictimai işlərlə, 36 min şəxsin özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edildiyini deyib. 7 min şəxsin peşə hazırlığına, 292 min şəxsin peşəyönümü məsləhət xidmətlərinə cəlb edildiyini, 8485 şəxsə işsizlikdən sığorta təyin olunduğunu, bu ödənişlərdə də 30 faiz artım olduğunu bildirib: “S.Babayev məşğulluq xidmətləri sahəsində innovativ həllərin tətbiqi və rəqəmsallaşdırma işlərini, “Məşğulluq” altsisteminin əhəmiyyətini qeyd edib. Altsistemdə 110 min vakansiyanın qeydiyyata alındığını, hazırda 14 min aktiv vakansiya olduğunu deyib. Əsas hədəflər olaraq “Əmək Münasibətləri” Alt Sisteminin (ƏMAS), ölkənin məşğulluq xəritəsinin, məşğul şəxslərin reyestrinin, qeyri-formal məşğulluğa nəzarət və monitorinq-səyyar yoxlama sistemlərinin, elektron əmək birjasının, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması və s. işlərini diqqətə çatdırıb”.
Peşəyönümü məsləhət xidmətinin gənclərin əmək bazarı ilə bağlı məlumatlılığının artmasında, onların karyera planlamasında dəstək olduğunu bildirən S.Babayev bu xidmət sahəsində bir sıra yeni layihələri -“Alo Karyera”, “CV yarat”, “Mobil Peşə”, “Bacar” platformalarını qeyd edib. Bildirib ki, peşəyönümü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması, 1000-dək peşə və kvalifikasiya standartının hazırlanması və s. işlər də davam edir. Gələcək fəaliyyətə Karyera Mərkəzinin fəaliyyətə başlaması, uşaqlara peşə vərdişlərinin aşılanması üçün Cənubi Koreya modeli olan karyera şəhərciyinin qurulması, əmək yarmarkalarının təşkili, peşə mobilliyiningenişləndirilməsi və digər tədbirlər də daxildir.
Forumda çıxış edən natiqlər gənclərin əmək bazarına hazırlanması üçün onlarda əmək bazarı, işçi qüvvəsinə olan tələblər, gələcəyin peşə və bacarıqları barədə məlumatlılığın artırılmasının, onların peşə seçiminə hazırlanmasının, karyera planlamasında onlara dəstək göstərilməsininönəmini qeyd ediblər.
Forumda Türkiyenin Çağ Universitetinin Fərdi inkişaf və strateji idarəçilik eksperti Murat Koç və İsraildən beynəlxalq spiker Tal Catran, eləcə də digər xarici və yerli spikerlər tərəfindən “Karyera məsləhət xidmətinə niyə investisiya edilməlidir?” “Post-pandemiyada dəyişən trendlər: Çətinlikləri fürsətlərə necə çevirməli?”, “Əmək bazarı və gələcəyin bacarıqları”, “Böyük şirkətlərə aparan karyera yolu/İnnovasiya və startapların karyeramıza təsiri”, “Uğura aparan karyera yolu. Dövlətin yaratdığı imkanlar” və s. mövzularda tematik “vorkşop”lar keçirilir. Yekunda spikerlərlə iştirakçıların birgə əməkdaşlığı nəticəsində gələcək yönümlü təklif, ideya və həllərin toplusunun hazırlanması nəzərdə tutulub.