Press "Enter" to skip to content

Artıq fərqli reallıq yaranıb

Son yeniləmə: 8 Dekabr 2021 12:32

Sahib Alıyev: Azərbaycanın tarixi zəfəri Mərkəzi Asiyada da inteqrasiyanın dərinləşməsinə təkan verib

Bayraqdar.info – “Mərkəzi Asiya dövlətləri arasında birlik yaratmaq ideyası yeni deyil. Hələ 2007-ci ildə Qazaxıstanın o zamankı prezidenti Nursultan Nazarbayev Mərkəzi Asiya Dövlətləri Birliyi deyilən bir siyasi-iqtisadi qurum yaradılması təklifini irəli sürmüşdü. Amma o təklif reallaşmadı”.

Bunu Milli Məclisin deputatı Sahib Alıyev Özbəkistanla Qazaxıstan arasında İttifaq Bəyannaməsinin imzalanmasına dair məlumata münasibət bildirərkən deyib.

Özbəkistanın o zamankı rəhbərliyi regional inteqrasiya ilə bağlı fərqli mövqe sərgiləyirdi

Bayraqdar.info-ya özəl açıqlamasında deputat qeyd edib ki, N.Nazarbayevin həmin təklifinin o zaman reallaşmamasının iki səbəbi vardı: “Səbəblərdən biri bu idi ki, Özbəkistanın o zamankı rəhbərliyi regional inteqrasiya ilə bağlı fərqli mövqe sərgiləyirdi. İkinci səbəb isə Rusiya faktoru ilə bağlı idi. Yəni Rusiyadakı bəlli çevrələr də bu birlik təklifinə o qədər də isti yanaşmırdılar. Hətta bunda özləri üçün müəyyən təhlükə də görürdülər. Amma o zamandan üzü bəri həm qlobal, həm də regional müstəvidə xeyli dəyişikliklər baş verib. Fərqli bir reallıq yaranıb”.

Bu qələbə türk birliyi üçün yeni perspektivlər vəd edir

S.Alıyev deyib ki, fərqli regional reallıq deyəndə ilk növbədə Azərbaycanın Qarabağ savaşında əldə etdiyi tarixi zəfər də bu məsələdə mühüm rol oyanyıb: “ABŞ-da daha çox konservatolrarın yığışdığı “Milli Maraqlar Mərkəzi”nin nəşr etdiyi “The national interest” adlı analitik bir dərgi var. Həmin dərgidə bu yaxınlarda dərc edilən bir məqalədə Azərbaycanın Qarabağ savaşında qazandığı qələbənin türk birliyi üçün yeni perspektivlər vəd etdiyi və Mərkəzi Asiya dövlətlərini daha cəsarətli siyasət yeritməyə həvəsləndirdiyi vurğulanır. Yəni, görümdüyü kimi okeanın o tayında da Azərbaycanın yaratdığı yeni regional reallığın bütün türk dünyası üçün mümüm əhəmiyyət daşıdığı və Avrasiyanın geosiyasi xəritəsinə xeyli təsir göstərəcəyi proqnozlaşdırılır”.

Biz həm müsbət, həm də mənfi gündəliklərlə üz-üzəyik

Deptatın sözlərinə görə, beynəlxalq müstəviyə gəldikdə isə hazırda biz həm müsbət, həm də mənfi gündəliklərlə üz-üzəyik: “Bu gündəliklər istər-istəməz türk dövlətlərinin, o cümlədən Mərkəzi Asiyadakı türk dövlətlərinin sıx birliyini və inteqrasiyasını qaçılmaz edir. Əgər biz doğurdan da müstəqil subyekt olaraq varlığımızı qoruyub saxlamaq, gələcəyə daha əmin addımlarla qədəm qoymaq istəyiriksə bu qaçılmazdır.
Mənfi gündəlik deyəndə ilk növbədə onu nəzərdə tuturam ki, Qərbdəki bəlli çevrələr ümumiyyətlə qlobal proseslərlə yanaşı lokal toqquşmalara da sivilzasiyalararası qarşıdurma məntiqindən yanaşırlar. Məsələn Azərbaycanla Ermənistan arasındakı o savaş kimi. Ona görə də türk dövlətləri bu reallığı nəzərdən qaçırmamalı və anlamalıdırlar ki, onlar güclü olmağa məhkumdur ki, bunun da yolu birlikdən, birgəlikdən keçir”.

Ayrı-ayrı regionlarda oxşaq inteqrasiya modeləri reallaşdırılır

Müsahibimiz qeyd edib ki, indi dünyanın ayrı-ayrı regionlarında həm də hərbi xarakterli yeni inteqrasiya modelərinin reallaşdırıldığını da görürük: “ Söhbət ilk növbədə ABŞ, Avstraliya və Böyük Britaniya arasındakı AUKUS adlanan blokdan gedir. Belə görünür ki, biz daha bir neçə yeni oxşar bloklarla rastlaşacağıq. Bu halda təbii ki, türk dövlətlərinin, o sırada Mərkəzi Asiya ölkələrinin daha sıx siyasi, iqtisadi və eyni zamanda, hərbi birliyi zamanın tələbidir. Yeri gəlmişkən, yenidən KTMT-yə qoşulacağı bildirilən Özbəksitanın birdən-birə Pakistanla hərbi tərəfdaşlıq haqqında anlaşma bağlaması ondan xəbər verir ki, Mərkızi Asiyada, eyni zamanda hərbi müstəvidə də artıq fərqli meyillər baş qaldırır. Bir daha vurğulayıram ki, bunun kökündə dayanan ən mühüm səbəblərdən biri Azərbaycanın Qarabağ savaşında qazandığı qələbə və qardaş Türkiyənin bu qələbədə oynadığı roldur. Eyni zamanda, burada onu da vurğulamalıyıq ki, Özbəkistanın indiki rəhbərliyi həm regional inteqrasiyaya, həm türk dövlətlərinin daha sıx əməkdaşlığına müsbət yanaşır. Təbii ki, bu da alqışlanmalıdır. Amma ümumiyyətlə, türk birliyi bütün türk dünyasını əhatə edərsə, bu, daha səmərəli olar”.

Bütün türk dövlətləri üçün keçərli model

S.Alıyev sonda onu da əlavə edib ki, hazırda Avrasiyada slavyanların və türklərin reallaşdırdığı iki müttəfiqlik modelini görürük: “Bunlardan birini Rusiya və Belarus, digərini isə Azərbaycanla Türkiyə reallaşdırır. Azərbaycanla Türkiyənin inteqrasiya, müttəfiqlik modeli Ulu öndər Heydər Əliyevin irəli sürdüyü bir millət, iki dövlət formuluna söykənir. Bu açıq modeldir. Bütün qardaş ölkələr, bütün türk dövlətləri üçün keçərli bir modeldir. Bu modelin digərindən üstünlüyü də açıq şəkildə göz qabağındadır. Çünki bu, bir-birinin maraqlarına eyni dərəcədə hörmət edən, bərabərhüquqlu, sözün əsl mənasında qardaş dövlətlərin birliyidir. Mənə elə gəlir ki, gələcəkdə Mərkəzi Asiyadakı türk dövlətləri də məhz Azərbaycanla Türkiyənin özülünü qoyduqları bu əməkdaşlıq modelinə qoşulsalar bu onların da maraqlarına cavab verərdi. Yəni biz bir millət iki dövlət yox, bir millət altı dövlət və ya xəzərlərlə hunlar ölkəsi Macarıstan indiki mövqeyində qalsa, yeddi dövlət kimi də çıxış edə bilərik”.

Mission News Theme by Compete Themes.