Press "Enter" to skip to content

“Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirməsi ilə bağlı seminar

Son yeniləmə: 8 Dekabr 2021 12:44

Bayraqdar.info – Dekabrın 7-də Türkiyənin MEXT Texnoloji Mərkəzi ilə birgə “Ağıllı Sənaye Hazırlığı İndeksi” (Smart Industry Readiness Index-“SIRI”) qiymətləndirməsi ilə bağlı seminar təşkil edilib. Seminar Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən şirkət və müəssisələrin yeni biznes modelləri və innovativ həllər tətbiq etməklə istehsal proseslərinin avtomatlaşdırılmasına, təkmilləşdirilməsinə və optimallaşdırılmasına nail olması məqsədilə həyata keçirilən tədbir və təşəbbüslər çərçivəsində baş tutub.

Bu barədə bayraqdar.info-ya dekabrın 8-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dünyanın ən böyük rəqəmsal transformasiya və inkişaf mərkəzlərindən olan MEXT Texnoloji Mərkəzi Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Türkiyədəki Afiləedilmiş Mərkəzinə ev sahibliyi edən Türkiyə Metal Sənayeçiləri Birliyini (MESS) təmsil edir.“SIRI” Dördüncü Sənaye İnqilabı üçün qlobal miqyasda ən effektiv rəqəmsal yetkinliyin (maturity) qiymətləndirilməsi proqramlarından olmaqla MEXT tərəfindən həyata keçirilir.

“SIRI” qiymətləndirilməsi çərçivəsində müəssisələrin əsas keyfiyyət göstəriciləri dəyərləndirilir, diqqət tələb edən sahələr müəyyənləşdirilir və müəssisələr üçün rəqəmsal inkişaf xəritəsi hazırlanır. Bu sahələrdəki təkmilləşdirmələr nəticəsində müəssisələrin səmərəlilik əmsalı nəzərəçarpan dərəcədə artır.

Seminarda Azərbaycan İnvestisiya Holdinqinə daxil olan istehsal yönümlü şirkətlər, Sumqayıt Kimya Sənaye Parkının rezident müəssisələri və “Baku Steel Company”, “SOCAR Polymer”, “Azəralüminium”, “Mətanət A” və digər şirkətlərin nümayəndələri iştirak edib.

Maraq göstərən şirkət və müəssisələrlə növbəti mərhələdə ayrılıqda görüşlərin keçirilməsi və qiymətləndirmənin təşkili ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.