Bayraqdar.info – Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan Xarici İşlər Nazirliyinin 7 dekabr tarixli açıqlaması ilə bağlı şərh verib. Şərhdə deyilir ki, “Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin ölkənin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin, imzalanmış üçtərəfli bəyanatlara guya ki, uyğun olmaması və Ermənistanın ərazi bütövlüyünə təhdid təşkil etməsi iddiası Ermənistan tərəfinin öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində əsassız fobialar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq cəhdidir”.
Bayraqdar.info-ya verilən məlumata görə, şərhdə daha sonra deyilir: “Azərbaycan tərəfi dəfələrlə və ən yüksək səviyyədə üç ölkə liderinin imzaladığı birgə bəyanatların icrasının vacibliyini vurğulayıb, tərəfimizdən bu istiqamətdə konkret addımlar atılıb. Ermənistan isə üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə öhədliklərini yerinə yetirmir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törədir. Azərbaycanın Qarabağ bölgəsinə əsassız iddialarından hələ də əl çəkməyən, revanşizm sərgiləyən Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir”.