Press "Enter" to skip to content

Tut ipəkqurdu toxumları qışlıq soyuducuda

Tut ipəkqurdu - barama toxumu

Son yeniləmə: 7 Dekabr 2021 15:19

Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyi qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla ipəkçiliyin müasir infrastrukturunun yaradılması işini sürətləndirib. Baramaçılıqla məşğul olan təsərrüfat subyektlərinin hibrid tut ipəkqurdu toxumu ilə təminatında yerli istehsalın payının tədricən artırılması istiqamətində davamlı fəaliyyətlər həyata keçirilməkdədir.

Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya daxil olan məlumatda bildirilir ki, Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal edilmiş superelit, elit və hibrid tut ipəkqurdu toxumunun partiyalar üzrə çəkisini müəyyən etmək, hər bir partiyada dirilmə faizini və xəstəlikləri təyin etmək üçün Nazirlik tərəfindən komissiya yaradılıb. Komissiya üzvlərinin iştirakı ilə Stansiyada istehsal edilmiş tut ipəkqurdu toxumundan nümunələr götürülüb, paketlənərək möhürlənib.

“Ümumilikdə 34 kq tut ipəkqurdu toxumu qışlama üçün soyuducuya qoyulub. 2022-ci ilin mart ayında həmin nümunələr inkubasiya kamerasında dirildilərək toxumun dirilmə faizi müəyyən ediləcək və xəstəliklərin müayinəsi üçün mikroskop analizindən keçiriləcək. Müayinə zamanı xəstəliklər aşkar olunmuş partiyalar çıxdaş ediləcək.

“Beləliklə, komissiyasının müvafiq rəyindən sonra növbəti mövsümdə kümçülər sağlam, keyfiyyətli və xəstəliklərdən azad hibrid tut ipəkqurdu toxumları ilə təmin ediləcəklər”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.