Press "Enter" to skip to content

Nadir Doğan: Xəzər türkləri ilə bağlı tarixi hadisələri roman dili ilə yazdım ki…

Nadir Doğan

Son yeniləmə: 7 Dekabr 2021 14:29

“Xəzər türklərinə marağım nağıllarda bəhs edilən “Qaf dağının arxasındakı kral” ifadəsini oxuyandan sonra başladı”

Bayraqdar.info – Dövrümüzdə türk dünyası ilə bağlı çeşidli tarixi romanlar yazılıb. Lakin onlar içərisində Xəzər türkləri ilə bağlı yazılanlar bizim üçün xüsusilə maraq doğurur, desək heç də yanılmarıq. Çünki bir zamanlar Xəzər sahillərində böyük imperiyalar quran Xəzər türkləri sonradan dünyanın dörd bir yanına səpələniblər. Hazırda İzmirdə yaşayan, dəyərli ziyalılardan Nadir Doğan da öz yaradıcılığını məhz bu mövzuya həsr edib.

Məlumat üçün bildirək ki, 1967-ci ildə Ankarada anadan olan Nadir Doğan, 1989-cu ildə Uludağ Universitetini bitirib. 1993-cü ildə operator kimi fəaliyyətə başladığı TRT-də uzun illər televiziya və xəbər proqramlarında, həmçinin “Son köç”, “Düş sarayları”, “Tarixin işığında türk sineması”, “Koleksiyonlar”, “Mavi tutku”, “Kırmızı hat” və s. bu kimi sənədli filmlərin çəkilişində operator və rejissor kimi çalışıb.

Bu vaxta qədər bir sıra mükafatlar alan yazarın 2015-ci ildə “Kuzey’e Yolculuk- Ye’cüc, Me’cüc” adlı film ssenarisi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müsbət qiymətləndirilib. Sonradan bu ssenari əsasında roman yazılıb. Bundan sonra operatorluğu buraxıb rejissorluğa keçən N.Doğan “Pazırık Kurganı”, “Etrüskler”, “Gizli Hazine: Trüf” adlı sənədli filmlərin layihəsini hazırlayıb, o cümlədən “Kuzey’e Yolculuk-Ye’cüc, Me’cüc”, “Togarma’nın Çocukları-Seyahatnâme-i İbn-i Fadlan ” adlı serial və film ssenarilərini yazıb, TRT-yə təqdim edib.

Müsahibimiz 2017-ci ildə təqaüdə çıxıb və fəaliyyətini tam olaraq tarixi romanlar yazmağa həsr edib. Evli və Kuzey adlı bir oğul atası olan yazarın bu günə kimi beş kitabı işıq üzü görüb, 6-cısı “Curtus Lupus-Kurdun Ölümü” da çapa hazırdır. Birinci trilogiyada, daha doğrusu, “Şimal trilogiyası”nda (“Togarmanın cocukları”, “Kuzeyə yolçuluq” və “Altın bozkırlar”) Xəzər və onun ətrafı, ikinci də “Kurtus Lupus trilogiyası” (“Qurd axtarışında”, “Baron”və “Qurdun ölümü)” isə etrüsklerdən bəhs edilir.

İnsan bəlli bir mərhələdən sonra bildiklərini başqaları ilə paylaşmaq ehtiyacı hiss edir

Beləliklə, bayraqdar.info-ya özəl müsahibəsində öncə roman yazmaq səbəbinə toxunan N.Doğan deyib: “Əslində mən yazar olmazdan öncə çox sıx şəkildə kitablar, tarixi əsərlər, romanlar oxuyurdum və hazırda da oxuyuram. Onu da deyim ki, oxuduqca, bilik və məlumatları artdıqca insan bəlli bir mərhələdən sonra bildiklərini başqaları ilə paylaşmaq ehtiyacı hiss edir. Mən də bunu hiss etdikdən sonra yazmağa qərar verdim”.

Xəzər türklərinə gəlincə müsahibimiz “mən türklərin tarixinin bəzi dövrlərini, xüsusilə Xəzər türkləri ilə bağlı tarixi hadisələri roman dili ilə yazdım ki, hər kəs üçün oxunaqlı olsun. Hesab edirəm ki, bu həm böyüklərin, həm də uşaqların türklərin tarixini daha dərindən öyrənmələrinə kömək edə bilər. “Şimal trilogiyası” kimi yazdığım ssenari və roman adlarından da göründüyü kimi, şimal coğrafiyasında yaşayan türklərin 650-1000 il arasında Xəzər dənizi ətrafında yaşadıqları real hadisələrdən bəhs edir. Başlanğıcda Qərbi Göytürk Xaqanlığının sərhəd bəyliyi kimi qurulan Xəzər dövləti 630-cu ildə Tunq Yabqunun ölümündən sonra oğlu Börü Şadın səyləri ilə müstəqilliyini qazanmış və zamanla Xəzər Xaqanlığına çevrilmişdir. Börü Şad Tiflis və onun şərqindəki bütün torpaqları ələ keçirdikdən sonra xanlığı sürətlə genişləndirdi, bütün Qafqazı və Şimali İpək Yolunu öz nəzarəti altına aldı, Xəzər dənizi ətrafında dünya tarixinə təsir edən mühüm bir imperiya qurdu”.

Məqsədim gənclərimizə yaşadıqları torpağın əsl tarixini anlatmaq idi

N.Doğan “Xəzər türklərinə marağım nağıllarda bəhs edilən “Qaf dağının arxasındakı kral” ifadəsini oxuyandan sonra başladı. “Möhtəşəm dövləti nağıllara mövzu olan bu hökmdar kim ola bilər?”, – deyə fikirləşərkən, bir tərəfdən də həmin bölgənin tarixi ilə bağlı mənbələri axtarmağa və bacardığım qədər tapıb oxumağa çalışdım. Nəhayət öyrəndim ki, Qaf dağının arxasındakı məşhur kral bizim türk Xəzər xaqanından başqası deyil! Təbii ki, mütaliə davam etdikcə əvvəllər xəbərsiz olduğum bir çox maraqlı məlumatlara çatmaq fürsəti tapdım. Müəyyən bir mərhələyə çatdıqdan sonra Xəzərin tarixindən fon kimi istifadə edərək, real hadisələr haqqında film ssenariləri və romanlar yazmağa başladım. Məqsədim həm oğlum Kuzey Doğana əbədi əsərlər buraxmaq, həm də gənclərimizə yaşadıqları torpağın əsl tarixini anlatmaq idi”, – deyə bildirib.

Beləliklə, N.Doğanın yazdığı romanlar oxucular tərəfindən böyük maraqla qarşılanır. Məhz bu maraq fonunda o, 2019-cu ildə Bakıya dəvət edilir: “Bakı Yunus Emre İnstitutunun o zamankı direktoru Prof. Dr. Cihan Özdəmirin qiymətli dəvəti ilə 21 noyabr 2019-cu il tarixində bu qurumun konfrans salonunda dəyərli insanların iştirakı ilə kitab təqdimatını etdim. Daha sonra Xəzər Universitetində “Xəzər türklərinin yüksəlişi və enişi” mövzusunda konfrans verdim. Bu münasibətlə Yunus Emre İnstitutunun keçmiş Bakı direktoru Prof.Dr. Cihan Özdemirə, kitabın təqdimatında iştirak edən o zamankı hörmətli səfirimiz cənab Erkan Özorala, xüsusilə də bu səfərin baş tutması və səfər zamanı dəstəyini heç əsirgəməyən TRT Bakı nümayəndəsi Murat Akkoça, o cümlədən bütün azərbaycanlı dostlarıma göstərdikləri maraq və qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. Təşəkkürlər, var olsunlar”.

Yazdığım romanlar, eyni zamanda kino layihələridir

Xatırladaq ki, həmin vaxt mətbuata açıqlamasında N.Doğan Xəzər türkləri ilə bağlı film çəkmək istədiyini də demişdi. Bununla bağlı hər hansı bir gəlişmənin olub-olmamasına dair suala gəlincə müsahibimiz deyib ki, “qeyd etdiyim kimi yazdığım romanlar, eyni zamanda kino layihələridir. Romanlarımda istifadə etdiyim hekayə dili “kinoqrafik” olaraq təyin edə biləcəyimiz üsluba əsaslanır. Atmosfer, hadisə quruluşu, yerlərin və insanların təsvirlərini tamamilə peşəkar təcrübəmə əsaslanaraq formalaşdırdığım taktika ilə çatdırmağa çalışıram. Bu texnika sayəsində oxucular ədəbi zövq almaqla yanaşı, film ab-havasına asanlıqla daxil ola bilirlər. Ona görə də roman oxumağa başlayanlar sanki film izləyirmiş kimi vizual zənginliklə qarşılaşır və ondan təsirlənirlər. Romanlarımda kinoda obrazların yaratdığı dünyanı sözlə qurmağa çalışıram”.

N.Doğan qeyd edib ki, indi romanların filmlərə uyğunlaşdırılmasının vaxtıdır: “Hələlik bununla bağlı ciddi bir inkişaf yoxdur. Bilirəm, insanlar baha başa gələn və böyük layihələr olduğu üçün bir az tərəddüd edirlər. Ancaq filmlər düzgün çəkildikdə “Üzüklərin Efendisi” kimi maraqlı işlərin ortaya çıxacağı və xərcdən qat-qat çox qazanc əldə ediləcəyi açıq-aydın görünür. Ona güvənən prodüser və sponsor şirkətlərin təkliflərinə həmişə açığam. Tam inanıram ki, roman kimi əldə etdiyimiz uğuru kinoda da əldə edəcəyik. Çünki oxucuların da gördüyü kimi, son dərəcə diqqət çəkən real hadisələr və qəhrəmanlar tamamilə bizə məxsus möhtəşəm bir dünyanın gözqamaşdırıcı parıltısını daşıyır. Yaxşı aktyor heyəti və ustad quruluşla gözəl filmlərin və ya serialların yaranmasına heç nə mane ola bilməz!”.

Xəzər türklərinin xələfləri hazırda bütün coğrafiyalarda yaşayırlar

Son olaraq, “Günümüzdə Xəzər türklərini harada axtarmaq lazımdır? Yəni Xəzər türklərinin xələfləri hazırda hansı coğrafiyada yaşamaqdadır” sualını cavablandıran yazar aşağıdakıları bildirib: “Xəzər Xaqanlığı dağılanda Gök Tenqri dininə mənsub olanlar müsəlmanlarla birlikdə Anadoluya, Azərbaycana, İtil Bulqar torpaqlarına dağıldılar. Xristianlar Gürcüstan, Alan və Ərməniyyə bölgələrinə, yəhudilər isə Kiyev Knyazlığına, Macarıstan torpaqlarına və Mərkəzi Avropaya köçdülər. Xəzər Xaqanlığının hakim tayfası olan Asenalar və Ağ Budunu təşkil edən bəylər birlikdə İspaniyanın Toledo şəhərinə getdilər. Və çox güman ki, İspaniyadan Amerikaya keçərək ruslar tərəfindən Sarkeldə dağıdılan Kaqan sarayını – “Ağ ev”i sonrakı illərdə ABŞ-da bərpa etdilər. Bir sözlə, Xəzər türklərinin xələfləri hazırda bütün coğrafiyalarda yaşayırlar”.

Mission News Theme by Compete Themes.