Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyası A.ABakıxanov adına Tarix İnstitutunda mərhum tarixçi-alim, milli dava adamı Dilavər Əzimlinin anım tədbiri keçirilib. Tədbirdə İnstitutun rəhbərliyi və elmi əməkdaşları, ziyalılar və ailə üzvləri iştirak edib.
Bu haqda xəbəri bayraqdar.info-ya D.Əzimlinin silahdaşları verib.
“Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Tofiq Nəcəfli alimin ömür yolundan və elmi fəaliyyətindən danışıb.
“İnstitutun icraçı direktoru, dosent Cəbi Bəhrəmov D.Əzimlini əsl ziyalı, vətənpərvər alim kimi dəyərləndirərək onun tarix elminə verdiyi töhfələrdən söz açıb.
“Tədbirdə həmçinin Prof. Şahin Fərzəliyev, tarix elmləri doktoru Eynulla Mədətli, tarix elmləri doktoru Xeyirbəy Qasımov, dosent Hacı Həsənov, dosent Mübariz Ağalarlı, dosent Fərəh Hüseyin, Şərqşünaslıq İnstitutunun əməkdaşı Mirzə Ənsərli və digər ziyalılar çıxış edərək D.Əzimlinin tarix elminə vediyi töhfələrdən, bir müəllim kimi təhsil fəaliyyətindən, elm sahəsindəki xidmətlərindən, insanlarla səmimi ünsiyyət və xatirələrindən danışıblar.
“Tədbirdə D.Əzimlinin və görkəmli səfəvişünas Oqtay Əfəndiyevin şəxsi kitabxanası əsasında “Orta əsrlər tarixi” şöbəsində yaradılmış “Oqtay Əfəndiyev və Dilavər Əzimli fondu” da iştirakçılara təqdim olunub.
“Sonda mərhumun həyat yoldaşı Arzu Qazıyeva tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək mərhum tarixçi-alimə verilən bu dəyərə görə öz minnətdarlığını bildirib”, – deyə xəbərdə bildirilir.
Xatırladaq ki, türk dünyası, özəlliklə də Güney Azərbaycan məsələsində ardıcıl mübarizəsilə yaddaşlarda qalan D.Əzimli bir il öncə dünyanı sarmış COVID-19 pandemiyasının qurbanı olub. Onun dünyasını dəyişməsi xəstəlikdən daha çox Azərbaycan tibb sahəsinin yarıtmazlığı üzündən baş verib. Bununla bağlı mərhumun həyat yoldaşı A.Qazıyevanın uyğun açıqlamarı, alimin son günlərini keçirdiyi xəstəxanadakı acınacaqlı durum barədə təqdim etdiyi faktlar hələ də ürək ağrıdır.