Son yeniləmə: 7 Dekabr 2021 13:22
Bayraqdar.info – Prezident İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Məlumatı Prezidentin Mətbuat xidməti yayıb.
“Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycanın Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulanıb.
“Prezident İ.Əliyevin Həştərxana səfərləri məmnunluqla xatırlanıb və bu səfərlərin əlaqələrin genişlənməsinə töhfə verdiyi xüsusi qeyd edilib.
“Söhbət zamanı ticarət dövriyyəsinin artırılması, ticarət və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində uğurla həyata keçirilən layihələr yüksək qiymətləndirilib.
“Görüşdə dekabrın 7-də açılışı olacaq Həştərxan İşgüzar Mərkəzinin əhəmiyyəti qeyd edilib. Daha sonra Bakı ilə Həştərxan arasında birbaşa müntəzəm hava əlaqəsinin yaradılmasının əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulanıb.
“Sonda Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İ.Babuşkin dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.” Məlumatda belə deyilir.