Press "Enter" to skip to content

Həssas təbəqələrin təhsil xərclərini dövlət qarşılasın – AVMA

Şahin Rəcəb

Son yeniləmə: 7 Dekabr 2021 18:13

Bayraqdar.info – “Bütün valideynlərin arzusu budur ki, həssas təbəqəyə aid olan tələbələr təhsil haqqından azad edilsinlər. Bizim fikrimizcə, bu sahədə elə bir inkişafa nail olmalıyıq ki, dövlət gücləndikcə həssas təbəqələrin təhsil xərclərini qarşılasın. Ümumiyyətlə, onlar güzəştlərdən istifadə etməkdənsə, xərclərdən azad olunsunlar.”

Bu sözləri bayraqdar.info-nun əməkdaşı ilə söhbət zamanı Azərbaycan Valideyn-Müəllim Assosiasiyası ictimai birliyinin icraçı direktoru Şahin Rəcəb deyib.

Onun sözlərinə görə, son vaxtlar gündəmi zəbt edən təhsil tələbə krediti məsələsi müasir dövrün təhsil islahatlarının bir istiqamətidir: “Fikrimcə, Azərbaycan Boloniya sisteminə qoşulandan sonra biz bu prosedurları da tətbiq etməliyik. Nəzərə alsaq ki, ölkədə ödənişli təhsil sistemi genişlənib və bir çox tələbələr təhsil almaq üçün ödəniş edirlər, ona görə də bu sahədə valideyn və tələbələrin çətinlikləri var. Təhsil xərclərinin ödənilməsi həm də sosial bir məsələdir. Bu, məşğulluq və işsizliklə birbaşa bağlıdır. Tələbənin krediti ödəməsi üçün işlə təmin edilməsi məsələsi həmişə problem olaraq ortaya çıxır. Bu mənada onun tam sığortası yoxdur ku, krediti götürdüyü fondlar və banklara geri ödəyə biləcək. Məsələ kompleks həll olunmalıdır. Mən deyərdim ki, işsizliyin aradan qaldırılması, sosial paketlər, gənclərin işlə təmin edilməsi, iş yerlərinin açılması bir-biri ilə bağlı məsələlərdir. Bu sahədə islahatlar apararkən işsizliyin aradan qaldırılması məsələsi də həll edilməlidir”.

Uğurlu və alqışlanmalı addım

Ş.Rəcəb bildirir ki, tələbə təhsil kreditinə çoxdan ehtiyac var, bu qanun yeni tətbiq edilsə də uğurlu və alqışlanmalı addımdır.

“Biz dünya praktikasına uyğunlaşmalı və imkanlardan faydalanmalıyıq. Təbii ki, yeni tətbiq olunan layihə olduğu üçün müəyyən çatışmazlıqlar da ortaya çıxacaq ki, bu da zaman-zaman bu ödənişlərin təmin olunması üçün təkmilləşdirilmə apararaq düzələcək”, – deyə o, qeyd edib.

Ş.Rəcəbin sözlərinə görə, təhsil tələbə krediti ilə bağlı qanun qəbul edilərkən ilk növbədə həssas təbəqələr – sosial müavinət alan, imkansızlar, şəhid ailələri nəzərə alınıb. Qanunda yüksək bal toplayan tələbələr də nəzərə alınıb. Bu da bütün valideynləri tam qane edə bilməz. Çünki hər bir valideyn təhsil kreditindən faydalanmaq istəyir. Tələbələr özləri gedib müraciət edərkən banklar yüksək faizlə kredit verir, amma təhsil tələbə kreditində fazilər 2-4-6 vahiddir: “Bizim təşkilat da tələbə təhsil krediti qanununu alqışlayır. Valideynlər də bunu yaxşı qarşılayır. Buna baxmayaraq, bəzi narazılıqlar da var. Düzdür, valideynlərin bizə bu məsələ ilə bağlı kütləvi müraciəti olmasa da onların narahatlığını bildirən bəzi müraciətlər olur. Məsələn, valideynləri maraqlandırır ki, bu kreditlər ilk növbədə həssas təbəqədən olan ailələrə veriləcək, yoxsa yüksək bal toplayan tələbələrə? Valideynlər tələbə krediti verilərkən ailələrin imkannın nəzərə alınmasını, daha güzəştli, daha imtiyazlı şəraitin olmasını istəyirlər. Düşünürəm ki, bu prosedurların tətbiqi zamanı müəyyən nöqsanlar ortaya çıxdığı sürəcə qanunvericilikdə də müəyyən təkmilləşdirməni aparmaq olar”.

Ş.Rəcəb onu da qeyd edir ki, ilkin dövrdə bu sahədə müəyyən gərginliyin aradan qaldırılması üçün bəzi addımların atılması vacibdir: “Nəzərə alsaq ki, tələbələrin sayı da çoxdur, tələbə kreditlərinin həssas təbəqədən olan tələbələrə və balları yüksək olanlara verilməsi labüddür. Bu kateqoriyadan olan tələbələrin problemləri həll ediləndən sonra digər kateqoriyadan olan tələbələrin də təhsil krediti məsələsinə baxıla bilər”.

Tələbələr təhsildən geri qalmasın

Ekspert bildirir: “Bir sözlə, bu qanunun tətbiqi və icrası yaxın gələcəkdə mənzərəni daha aydın görməyə imkan yaradacaq. Amma qanunda da qeyd edildiyi kimi, həssas təbəqəyə aid olmasa da bilik göstəriciləri yüksək olan tələbələrin də bu kreditlərin ödənməsindəki güzəştləri artırılsa yaxşı olar. Valideynlər istəyir ki, təhsil kreditinin ödəmə faizində nisbətlər azaldılsın. Bu, valideynlərin hamısının istəyidir ki, onlar krediti ödəyə biləcək səviyyəyə malik olsunlar. Həm ailələrinə yük düşməsin, həm də krediti ödəyə bilsinlər. Eyni zamanda, bizim ölkədə Təhsilin İnkişafı Fondu da yaradılıb. Əslində bu ideya ilə biz çoxdan çıxış etmişdik. Bu Fond da yaradılanda biz çox sevindik. Düzdür, Fondun Prezidentin yanında yaradılmasını təklif etmişdik, amma Təhsil Nazirliyi yanında yaradıldı. İndi Fondun işlək mexanizmə çevrilməsi üçün addımlar atılmalıdır. Yəqin ki, bu Fond da genişlənəcək və tələbələrin təhsil alma problemi daha müsbət mənada həll olunacaq. Daha geniş tələbə kütləsinin bu yeniliklərdən faydalanmaq imkanı olacaq. Bütün valideynlərin də istəkləri budur ku, tələbələr təhsildən geri qalmasınlar, təhsil ala bilsinlər”.

Mission News Theme by Compete Themes.