Son yeniləmə: 7 Dekabr 2021 01:59
Bayraqdar.info – Məlum olduğu kimi, Kuzey Kıbrıs Türk Cümhuriyyətində yanvarın 23-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq partiyalar daxilində namizədliyə namizəd irəli sürülməsi prosesi başa çatıb.
KKTC mediasının məlumatına görə, bu dəfəki seçkilərə maraq daha çoxdur. Daha doğrusu, partiyalarda millət vəkilliyinə namizədliyə namizədlərin sayı həddindən artıq çoxluğu ilə diqqəti cəlb edir.
Məsələn hazırki hökumətin ortağı olan Demokrat Partiyasında namizədlərin çoxluğu əsas müzakirə mövzusuna çevrilib. Qeyd edilir ki, DP-də bu dəfə gözləniləndən xeyli çox müraciətlər daxil olub.
Beləliklə, Demokrat Partiyasında millət vəkilliyinə namizəd olmaq iddiasını ortaya qoyanların sayı 87 nəfərdir. Namizəd çoxluğu partiyanın xüsusi qərar qəbul etməsinə səbəb olub.
Həmin qərara əsasən Mərkəzi İcra Şurası (MYK) namizədliyə namizədlərlə bağlı xüsusi toplantı keçirəcək. Həmin toplantıda namizədlərin çox olması ətrafında müzakirələr aparılacaq.
O da vurğulanır ki, DP-də namizədlər arasında akademik çevrələrin təmsilçiləri ilə yanaşı iş dünyasından da adlar, o cümlədən qadın namizədlər və gənc simalar da diqqət çəkir.