Press "Enter" to skip to content

“Azərsu” Səbaildə yeni layihənin icrasına başlayıb

Son yeniləmə: 7 Dekabr 2021 16:34

Bayraqdar.info – Çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması diqqət mərkəzindədir. Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Səbail rayonunda yeni layihənin icrasına başlanılıb.

Bu barədə bayraqdar.info-ya dekabrın 7-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində mənzillərin daxilində yerləşən dik qayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılır, məhəllədaxili xətlər yenilənir və bununla da məhəllədaxili nasos stansiyalarının fəaliyyəti dayandırılır. Yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması və istehlakçıların suölçən cihazlarla təmin edilməsi məqsədilə Səbail rayonunda həyata keçirilən layihə sovet dövründə tikilmiş 32 çoxmənzilli yaşayış binasında 2200 abonenti əhatə edir.

Həmin binaların daxili su təchizatı sistemləri şaxtalarda quraşdırılıb. Dik dayaqlar uzun müddətdir istismar olunduğundan bəzi hallarda su sızmaları və axıntılar baş verir. Bu da mənzillərin və zirzəmilərin su ilə dolmasına səbəb olur. Üstəlik mövcud xətlər sakinlərin fasiləsiz içməli su ilə təmin etməyə imkan vermir.

Hazırda həmin binalar məhəllədaxili nasos stansiyaları vasitəsilə qrafik rejimdə içməli su ilə təmin olunur. Sayğacların mənzillərin daxilində olması bəzi hallarda onların vaxtında oxunmasını çətinləşdirir ki, bu da uçotun düzgün aparılmasına problemlər yaradır.

Yeni layihəyə əsasən, binaların həyətlərindən keçən 60 mm diametrli metal borular 110 mm diametrli polietilen borularla əvəzlənir. Həmin xətlərdən binaların giriş xətlərinə birləşmə verilir. Bununla da binalara suyun birbaşa paylayıcı xətlərdən verilməsi təmin olunur və zirzəmilərdən keçən borular ləğv edilir.

Binadaxili su təchizatı sistemlərinin şaxtalardan pilləkən qəfəsələrinə çıxarılması və məhəllədaxili şəbəkənin yenidən qurulması gələcəkdə binaların zirzəmilərinə su axıntılarının qarşısını alacaq, su itkilərini azaldaraq xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Hər bir mənzildə sayğacların quraşdırılması və sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, yaranmış borcların vaxtında toplanması və debitor borcların yaranmamasına gətirib çıxaracaq.

Layihənin icrasına başlanandan qısa müddət ərzində işlərin 50 faizi yerinə yetirilib. Yeni yaradılan infrastruktur binaları fasiləsiz su ilə təmin etməyə imkan yaratdığından layihənin əhatə etdiyi ərazidə 4 məhəllədaxili nasos stansiyasının istismarı dayandırılacaq.

Qeyd edək ki, binadaxili su təchizatı sistemləri 2013-cü ildən “Azərsu” ASC-nin balansına verilib və ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6000-dən artıq çoxmənzilli yaşayış binasıın daxili su təchizatı sistemləri yenidən qurulub.

Mission News Theme by Compete Themes.