Son yeniləmə: 7 Dekabr 2021 21:30
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasına rəsmi səfərdədir.
Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, səfər çərçivəsində nazir Misir Əl-Azar Universitetinin baş İmamı Şeyx Əhməd Əl Tayiblə görüşüb.
“Görüşdə Misirlə dostluq münasibətinin qədim köklərə dayandığını bildirən A. Kərimov Mədəniyyətlərarası Dialoqun inkişafında Misirin mühüm rolundan söz açıb. 2022-ci ildə növbəti Forumun keçiriləcəyinin planlaşdırıldığını qeyd edən mədəniyyət naziri Şeyx Əhməd Əl Tayibi də bu beynəlxalq layihəyə qoşulmağa dəvət edib.
“A. Kərimov eləcə də işğaldan azad olunmuş ərazilərimizdə erməni barbarlığının sübutu olan dağıdılmış dini məbədləridən, mədəniyyət abidələrindən söz açıb. Bu vandalizmin nəinki Azərbaycana, eləcə də İslam dünyasına qarşı törədildiyini bildirib. Həmçinin qeyd edib ki, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsü çərçivəsində Azərbaycan daim sülhü təbliğ etməyə, bölgədə əmin-amanlığa nail olmaq yolunda faydalı addımlar atmağa hazırdır, və bu istiqamətdə bir sıra işlər görülür.
“Şeyx Əhməd Əl Tayibi nazirin dəvətini məmnuniyyətlə qəbul etdiyini xüsusi vurğulayıb. Azərbaycanın illər boyu Mədəniyyətlərarası Dialoqun inkişafında gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.
“Tərəflər həmçinin İslam dininə qarşı bəzi qüvvələrin apardığı yanlış təbliğatı qınayaraq, dinin sülh və barışığa çağırış olduğunu və bunu ən gözəl nümunələrlə dünyaya çatdırmağın önəmindən danışıblar. Görüş bir sıra digər mühüm məsələlərin müzakirəsi ilə davam edib”, – deyə xəbərdə bildirilir.