Son yeniləmə: 6 Dekabr 2021 16:02
Bayraqdar.info – Dekabrın 6-sı rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günüdür. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Bakı Telefon Rabitəsi MMC-nin baş direktor müşaviri Şükür Məmmədovun bayraqdar.info-ya bildirdiyinə görə, rabitəçilərin peşə bayramı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq dekabrın 6-da keçirilir. Ş.Məmmədov peşə bayramı münasibətilə bütün rabitəçiləri təbrik edərək, onlara uğur diləyib: “Rabitəçi ordusunu, həm dövlət, həm özəl sektorda çalışanların peşə bayramını təbrik edirəm. Onlara bu çətin işdə uğurlar arzulayıram”.
Eyni zamanda, son vaxtlar rabitə sahəsində görülən işlərə də toxunan müşavir bildirib ki, bu sahədə Respublikada kifayət qədər ciddi işlər görülür: “Bizim Nazirliyin adı son dövrlərdə dəyişərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olub. Artıq müasir dovrdə kommunikasiyaya olan ehtiyac məişətimizin ayrılmaz hissəsinə çevrilib. Evdə, işdə bizim rabitə xidmətlərinə də ciddi ehtiyacımız olur. İşıq, qaz, su qədər kommunikasiya da bu gün xüsusi bir dəyərə, ehtiyaca çevrilib. İnformasiyanın əlçatan olması, çatdırılmanın texnologiyasının yüksəldilməsi, bu texniki strukturu qurub işlədəcək mütəxəssislərin yetişdirilməsi istiqamətində ciddi işlər görülür. Son dövrlərdə distant təhsilə keçid, evdən işləmələr bizim həm güclü, həm də zəif tərəflərimizi göstərdi”.
Regionlarda, ucqar kəndlərdə internetin sürəti ilə bağlı verilən suala cavab verən rabitəçi bidlirir ki, hazırda ucqar kəndlərdə internet mövcuddur. Lakin onların sürətinin artırılması, inkişaf etdirilməsi istiqamətində böyük işlər görülür. “Regionlarda da bir neçə aydır ki, yeni texnologiyaların tətbiqinə başlanılıb. Xidmət keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar çox ciddi işlər görülür. Ucqar kəndlərdə bu işlərin nəticəsi görünəcək. Bu, həm də satış qiymətlərində özünü göstərəcək. Əhali bunu hiss edəcək. Regionlarda infrastruktur quruculuğu və planlaşdırmalar aparılmalıdır. Bu, kifayət qədər mürəkkəb bir prosesdir. Avadanlıqların, resursların təmin olunması, yerlərdə bu xidmətlərin qurulması, infrastukturun işlədilməsi lazımdır. Gələn tələbatın qarşılanması və abunəçilərin evində bu xidmətin təşkil edilməsi vacibdir. 2016-cı ildən Respublikada aktiv texnologiyaların tətbiqinə başlanılıb. Məqsəd hər bir fərdi yaşayış mənzilinə daha öncə olduğu kimi deyil, fiber-optik texnologiyalarla bu komminikasiyanı çatdırmaqdır. Ənənəvi olaraq rabitə dedikdə, öncə yaddaşımızda sarı telefon aparatları canlanırdı. Yaşlı nəsil bunu daha yaxşı xatırlayır. Nazirliyin qarşısında duran məsələlərdən biri də köhnə texnologiyaların yenilərə transformasiya olunmasıdır”, – deyə Ş.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, hazırda şəhərin müxtəlif yerlərində rabitə uniformalarında olan insanlar müştəri məmnuniyyətsizliyinə səbəb olacaq amillərin aradan qaldırılması istiqamətində ciddi işlər görürlər.