Press "Enter" to skip to content

Tünzalə Ağabalayeva: Gözümü açandan rəngləri gördüm – RƏSMLƏR

Tünzalə Ağabalayeva

Son yeniləmə: 6 Dekabr 2021 01:12

…Şükranlı biri olduğum üçün həyatda pessimizmə qapılmıram

Bayraqdar.info – Rəssam gördüklərini deyil, hiss etdiklərini çəkir. Düzü bunu kimin dediyi bəlli olmasa da, gözəl fikirdir. Çünki hissi, duyğusu olmayan kimsə rəssam ola bilməz. Təbii ki, dünyanın məşhur rəssamları da bu sənətlə bağlı zaman-zaman fikirlər dilə gətiriblər. Məsələn, Rafael deyib ki, “Bir gözəllik çəkmək üçün bir çox gözəllik görməliyəm”. Mikelancelo isə “Rəsm qısqancdır və insanın özünə aid olmasını tələb edir hər şey” deyib.

Bu gün biz nə Rafaelin, nə də Mikelancelonun sənət dünyasına baş vuracağıq. Amma onlardan da təsadüfən sitat gətirmədim. Çünki bu günün gənc rəssamlarından olan Tünzalə Agabalayeva Mikelancelonu, Rafaeli, Enqrini özünün kumiri hesab edir. Bununla belə, müsahibimiz hesab edir ki, rəssam öz əsərləri ilə ətrafa gözəllik, enerji sevgi saçmalıdır. Bir də deyir ki, rəssam olmaq üçün sevmək lazımdı. Rəsmi, həyatı və insanları…

Beləliklə, 1974-cü il iyunun 10-da Qubada dunyaya goz açan, orta təhsilini Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 19 nömrəli orta məktəbdə alan, sonra Əzim Əzimzadə adına Rəssamlıq Kollecini bitirən və hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birinci kursunda oxuyan T.Ağabalayevanın bayraqdar.info-ya verdiyi geniş və maraqlı müsahibəni oxucularımıza təqdim edirik.

Hiss etdim ki, rəsm çəkmək istəyirəm

-İlk rəsmi nə vaxt çəkmisiniz və bu sahəyə sizi kimsə yönəldibmi?

-İlk rəsmimi uşaqlıqdan, hətta körpəlikdən çəkmişəm. Sonra valideynlərim məndə rəssamlığa marağı görüb, orta məktəbdə oxuya-oxuya rəsm kursuna hazırlığa qoyublar. Belə deyim, gözümü açandan rəngləri gördüm. Özüm duydum, hiss etdim ki, rəsm çəkmək istəyirəm. Valideynlərim də məni bu sənətə yönəltdilər. Orta məktəbi bitirəndə isə ali təhsil üçün yalnız Əzim Əzimzadə adına Rəssamlıq Kollecini yazdım. Halbuki mən tarixi gözəl bilirdim. İngilis dilini bilirdim. Amma təkcə rəssamlığı seçdim.

-Mən yaradıcılıq məsələsinə qayıdacağam. Amma burda bir məqama toxunmağı vacib sayıram. Dediniz ki, tarixi, ingilis dilini gözəl bilirdim. Bəs musiqini necə?

-Musiqini hər zaman sevmişəm. Hətta uşaqlıqda maşınla yolda gedəndə dağlara baxırdım və o dağların qalxıb enməsini musiqiyə bənzədirdim. Musiqi dinləyəndə də gözümün qarşısına o dağlar gəlirdi. Enişi, yoxuşu musiqinin müəyyən ritmlərinə bənzədirdim. Sanki dağın yüksək nöqtəsini musiqinin zil, eniş hissəsini isə bəm səslərinə bənzədirdim.

Mən gözəl gördüyümü tərənnüm edirəm

-Bəs Tünzalə xanımın rəsmləri musiqinin şən notlarıdır, yoxsa qəmli notları?

-Öncə onu deyim ki, həyatda məni sıxan şeyləri əsərlərimdə büruzə verməyi xoşlamıram.

-Niyə?

-Mən pozitiv və şükür edən bir adamam. İstəmirəm ki, hansısa narahatlığımı, problemlərimi əsərlərim vasitəsilə tamaşaçıya, insanlara ötürüm. Axı insanlar mənim əsərlərimdən zövq almaq istəyir. Nəyə görə öz mənfi, emosional halımı orada büruzə verim ki? Əslində, dediyim kimi şükranlı biri olduğum üçün həyatda pessimizmə qapılmıram. Sevincimi isə hamı ilə bölüşürəm. Mən gözəl gördüyümü tərənnüm edirəm. Yəni, gözəl gördüyüm şeyləri əsərlərim vasitəsilə insanlara çatdırmağı xoşlayıram.

Hisslərimi bütün çılpaqlığı ilə çəkib göstərmək istəmirəm

-Amma bəlkə də içinizdə saxladığınız o narahatlıq, qəm də əsərə yansıyıb ortaya gözəl bir rəsmin çıxmasına səbəb ola bilər. Deyək ki, bir qızın içindən axan kədəri gözündən düşən yaşla elə gözəl ifadə edə bilərsiniz ki, insanlar da bu əsərdən zövq alar…

-Hər bir rəssam çəkəndə onsuz da iç dünyasını çəkir. Amma hisslərimi bütün çılpaqlığı ilə çəkib göstərmək istəmirəm. Mənim iç dünyam özümə məxsusdur.

-Onda siz öz daxili yaradıcılığınıza xəyanət etmirsinizmi?

-Xeyir, əsla. Onsuz da mənim beynimi düşündürən məsələlərin həlli üçün daim çalışıram. Yəni hansısa çətinlik məni pessimizmə yuvarlamır. Əksinə, daha da mətinləşdirir və həmin problemin həlli üçün səy göstərirəm. Əksər hallarda da istəyimə nail oluram. Amma bu o demək deyil ki, mənim problemlərim, həyatdakı mübarizəm mənfi notlarla insanlara çatdırılmalıdır. Qətiyyən. Mənim insanları üzməyə, onu öz problemlərimlə məşğul etməyə haqqım yoxdur. Mənim problemim mənə məxsusdur və Allahdan aldığım güclə onu həll etməyə çalışıram. Onu da deyim ki, həyatda üzləşdiyim hər bir mənfilik həm də mənə dərs olur. Hər bir şeydən dərs çıxarmağı bacarıram.

İnsanlara mesaj göndərmək istəyirəm ki, onlar da pozitiv olsunlar

-Yəni deyirsiniz ki, cəmiyyətə ancaq müsbət enerji ötürməyə üstünlük verirsiniz?

-Sualınıza sualla cavab verim. Mənim əsərlərim sizdə hansı təəssüratı oyatdı?

-Pozitiv enerji və bir də Azərbaycan ruhu, vətənpərvərlik. Amma bir daha o suala qayıdıram ki, sizdə ancaq pozitiv notlardır, eləmi?

-Mən insanlara mesaj göndərmək istəyirəm ki, onlar da pozitiv olsunlar. Problemlər varsa, deməli, biz həyatdayıq və mübarizə aparmaq gücündəyik.

Vətənimlə fəxr edirəm

-Vətənpərvərlikdən söz düşmüşkən, bu barədə nə deyə bilərsiniz?

-Mən Vətənimi sevirəm. Vətənimlə fəxr edirəm. Hətta bəzən biriləri yanımda deyinəndə belə əsəbləşirəm. Çünki biz güclü xalqıq. Bizim güclü və gözəl Vətənimiz var. Gözəl Azərbaycanımız var. Bizim xalqımız çox iztirablar çəkdi. Amma heç zaman əyilmədi, sınmadı. Əksinə daim inandı. Bir gün gəldi, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad etdi. Dünyaya qəhrəman xalq kimi öz adını yazdı. Yəni demək istəyirəm ki, nə SSRİ imperiyasının zülmləri, nə müstəqilliyimizin ilk illərində üzləşdiyimiz torpaq itkisi bizi sındırmadı. Əksinə, daha da mətinləşdirdi. Bu gün biz qürur və fəxrlə deyirik ki, Azərbaycanlıyıq.

Rənglər dəryasında üzürdüm

-Qayıdaq yenə uşaqlığınıza. Dediniz ki, gözümü acıb rəngləri gördüm. Nə idi o gördüyünüz?

-Rənglər elə bil ki, bir dərya idi və mən orda üzürdüm. Anam məni yatmaq üçün beşiyə qoyurdu. Çıxırdı otaqdan ki, yatım. Bizdə divarda freskalar vardı. Onlar mənimlə danışırdılar. Onlar mənimlə oynayırdılar. Mən bunu bu vaxta kimi heç harda deməmişəm. İlk dəfə sizə deyirəm. Yəni o divardakı naxışlar, fiqurlar sanki ordan aralanıb mənə yaxınlaşırdı, məni əyləndirirdilər. Anam gələn zaman isə sanki hamısı tez qaçıb divarda öz yerlərinə yapışırdı. Yəni fiqurlar, rənglər, yarpaqlar, onların hamısını mən canlı görürdüm. Sanki ruhu var onların hamısının. Həmin uşaqlıqdakı hissim bu gün də qalıb.

-Bəs çəkdiyiniz rəsmə görə ilk alqışı, təqdiri nə vaxt almısınız? Yəni uğurun ilk dadını nə zaman dadmısınız?

-Orta məktəbdə. Mənim müəllimim vardı. Maqsud müəllim. Allah rəhmət eləsin. Maqsud müəllimin Moskvadan qonağı gəlmişdi. O, hansısa jurnalda işləyirdi. Həmin jurnalist dərs prosesi zamanı bizim rəsmlərimizin fotosunu çəkdi. Sonra mənim natürmortla olan rəsmim Moskva jurnallarının birində dərc olundu. Müəllimim dedi ki, səninlə fəxr edirəm. O mənə böyük güc və inam verdi.

Çirkli çalarları sevmirəm

-Rənglər çoxdur. Bəs sizin rənginiz hansıdır?

-Mən rəngləri elə sevirəm ki, onlar arasında fərq qoymağa çətinlik çəkirəm. Ona görə hansısa bir tək rəng mənim deyil. Ümumiyyətlə isə parlaq və təmiz rənglər mənimdir. Ən əsası, təmiz rəngləri sevirəm. Həmin rəng solğun da ola bilər. Amma mütləq təmiz olmalıdır. Çirkli çalarları sevmirəm. Təmiz fonları sevirəm. Təmiz, parlaq və enerjili.

Bilməzsən ki, o maskanın arxasından sənə kim baxır

-Hər bir rəssam üçün bütün əsərləri əzizdir. Bununla belə onların içərisində ən dəyərlisi var yəqin ki. Əgər sizə “özünüzlə yalnız bir əsər götürə bilərsiniz” desələrdi, hansı əsərinizi götürərdiniz?

-Maraqlı sualdır. Bir maska əsərim var. Yəqin ki, onu götürərdim. Mən onu çox sevirəm.

-Niyə onu?

-Mən orda maskanı qara fonda vermişəm. Yəni ki, həyat bilməzsən nədir. Həyat aydın deyil. Qaranlıq gecə kimidir. Qara fon bu mənanı verir. O fonun mərkəzində isə qızılı bir maskadır. Burda da bir neçə məna var. Əvvəla, hər görünən parıltı qızıl deyil. Bilmirsən arxasında nə var. O maskanın arxasından azacıq ötəri göz vermişəm. Bilinməyəcək dərəcədə göz var. Yəni sən bilməzsən ki, o maskanın arxasından sənə kim baxır. Hansı baxışla baxır. Yəni hər gözəl görünənə də aldanma. Həm də ki, həyata daha ayıq gözlə bax. Ona görə də həmin rəsmə baxanda mən hər zaman düşünürəm.

-Bəs həyatı belə pozitivcəsinə sevən Tünzalə xanımın qarşısına o maskalı insanlar çoxmu çıxıb?

-Təəssüf ki, bəli, çox çıxıb. Amma onlar da sağ olsunlar ki, həyatı mənə daha çox sevməyi öyrətdilər. Həm də həyatın birrəngli olmadığını öyrətdilər.

Beləliklə, freskalarla işləməyə başladım

-Freska çəkməyə nə vaxtdan başladınız?

-Öncə divar rəsmləri ilə başladım. İstər müasir, istərsə də klassik janrda olsun, divarlarda rəsmlər çəkdim. Hətta restoranların salonlarında da, klublarda da çəkmişəm. Ondan sonra artıq mənə digər sifarişlər də gəldi. Bu dəfə də tavanda hansısa rəsmin işlənməsini istəyirdilər. Beləliklə də freskalarla, yapmalarla işləməyə başladım.

-Kapitalizm dövründəyik. İstəsək də, istəməsək də kapital hər yerdə önə çıxır. Amma sənətin ülviliyinin qorunması da var. Belə bir seçim qarşısında qalıb narahatlıq keçiridiyiniz anlar olubmu?

-Onları mən paralel aparmağı bacarıram. Düzdür, kapitala bağlı işlərdə enerji çox gedir. Amma mən hər bir işimdən zövq alıram.

-Özünüzü çəkmək istəsəniz hardan başlayardınız?

-Mən insan rəsmi çəkəndə ilk olaraq gözdən başlayıram. Bir də mənim üçün əsas insanın xarakterini verməkdir. Amma düzünü deyim, özümü işləmək barədə hələ düşünməmişəm.

Əsas arzum öz emalatxanamın olmasıdır

-Bəs daha çox arzusunu etdiyiniz nədir?

-Mənim yaradıcılıqla bağlı əsas arzum öz emalatxanamın olmasıdır. Amma təəssüf ki, hələ də bu arzuma çatmamışam.

-Siz həm də rəsm üzrə müəllimlik etmisiniz. Ən azı kurslarda gənclərə bu istiqamətdə nələrisə öyrətmisiniz. Bəs böyüklərlə uşaqlar arasında bir körpü olaraq nə deyə bilərsiniz; gələcəyimizin gözəl rəssamları olacaqmı?

-Bəli, buna şübhəniz olmasın. Sadəcə bir şey deyim. Hər bir kəs rəsm çəkməyi sevə bilər. Ümumiyyətlə bizim xalq sanki anadangəlmə rəssam xalqdır. Amma çəkmək istəmək başqa şeydir, sevmək başqa şey. Yəni rəsm sənətini sevmək lazımdı ki, gözəl rəssam ola biləsən. Əsas sevgidir, bu sənətin vurğunu olmaqdır. Əgər bu olarsa hansı yaşda olmasına baxmayaraq məşhur rəssam ola bilərsən. Bunun ən gözəl nümunəsi kimi Van Qoqu göstərə bilərik. O, öz dünyasını gördüyü, hiss etdiyi kimi çəkdi və bu gün bütün dünya ondan danışır. Yəni bir daha deyirəm; sevgin varsa mütləq uğur qazanacaqsan.

-Nəhayət, sonuncu sual: kumiriniz kimdir?

-Mən Enqrin, Rafaelin, Mikelancelonun işlərini çox bəyənirəm. Bununla bağlı bir gülməli əhvalatı danışmaq istərdim. Deməli, bizim bir qonşu vardı. Rəssam idi və adı da Rafael. Mən uşaq vaxtı elə bilirdim ki, həmin dünyaca məşhur rəssam bizim qonşumuz Rafaeldi. Ümumiyyətlə uşaq vaxtı elə biliridm ki, Mikelancelo da, Rafael də bizim qonşulardır.

-Maraqlı söhbət üçün təşəkkür edirik.

Mission News Theme by Compete Themes.