Son yeniləmə: 6 Dekabr 2021 13:33
Bayraqdar.info – “Kuzey Kıbrıs Türk Cümhuriyyətində 140-dan çox xarici ölkədən olan tələbə təhsil alır. Milli təhsil və mədəniyyət nazirimiz, cənab Olgun Amcaoğlunun bu günlərdə verdiyi açıqlamaya görə, hazırda üniversitetlərimizdə təhsil alan tələbələrin ümumi sayı 108 min 295-ə çatıb ki, bunların içərisində xarici tələbələr də var. Belə ki, nazirimizin açıqlamasına görə, bu tələbələrin 13 min 914-ü KKTC, 43 min 101-i Türkiye, 51 min 280-i isə üçüncü ölkələrin vətəndaşıdır. Qeyd edim ki, KKTC-dəki müxtəlif universitetlərdə təhsil alan xarici tələbələrin içərisində azərbaycanlılar da var”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında KKTC-nin Bakıdakı nümayəndəliyinin təhsil və mədəniyyət müşaviri Tevfik Ulual deyib.
Onun sözlərinə görə, 2020-2021-ci illərdə KKTC-də ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrin sayı 237 nəfər olub: “Hələlik 2021-2022-ci il payız semestrində YÖKAS-a 152 tələbə qeydiyyatdan keçib. Ancaq təhsilə yeni başlayan və YÖKAS-a (Yüksek Oğrenim Kayıt Sistemi) qeydiyyatını tamamlamayan tələbələr də var. Dəqiq rəqəm bu qeydiyyat tamamlandıqdan sonra aydın olacaq”.
KKTC-də dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı tələbələrin sayına gəlincə müsahibimiz bildirib: “KKTC-də dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı tələbələrin ümumi sayı 26 nəfərdir. Amma təbii ki, gələcəkdə bu rəqəmin dəyişəcəyi də istisna deyil”.
Azərbaycanda ali təhsil alan KKTC vətəndaşlarının sayı isə cəmi 1 nəfərdir.