Press "Enter" to skip to content

Tehranda ticarət məkanlarının adı yalnız farsca olmalıdır

Nadir Muradi

Bayraqdar.info – Tehran polisinin rəsmisi paytaxtda ticarət obyektlərinə ad qoyarkən türk, kürd və lor kimi qeyri-fars dillərindən istifadənin qadağan olunduğunu bildirib.

“Azad İran” Telegram kanalı xəbər verir ki, Tehranın ticarət məkanlarına nəzarət polisinin (əmakon) rəisi, polkovnik Nadir Muradi deyib ki, Tehranda ticarət məkanlarının adları mütləq fars dilində olmalıdır.

“İş yerləri və ticarət obyektləri üçün istifadə edilən adlara nəzarət edən səlahiyyətli orqan İranın Mədəniyyət və İrşad Nazirliyidir. Nazirliyin polisə göndərdiyi təlimata əsasən, ticarət obyektlərinin adı hökmən fars dilində olmalıdır”,- deyə N.Muradi qeyd edib.

O, əlavə edib ki, “polisə göndərilən təlimata görə, iş yerləri yerli dillərə mənsub adlardan sadəcə o dillə bağlı olan vilayət və ya şəhərdə istifadə edə bilərlər. Misal üçün, türk adlarından sadəcə türklərin yaşadığı vilayətlərdə istifadə edilə bilər”.

Əlbəttə, farsların özlərinə aid məkanlarda öz dillərinin istifadəsini tələb etməsi normaldır. Lakin fars olmayan və Tehran əhalisinin yarısını təşkil edən türklər niyə farsca adlardan istifadəyə məcbur edilməlidir? Yaxud da elədirsə, onda Təbriz və bütövlükdə Güney Azərbaycanda da ticarət obyektlərinə farsca ad qoyulması yasaqlanmalıdır. Çünki oralar fars deyil, türk torpağıdır.

Bu işlə polisin məşğul olması isə bir başqa söhbətin mövzusudur…

Mission News Theme by Compete Themes.