Son yeniləmə: 6 Dekabr 2021 21:11
Bayraqdar.info – Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfər ediblər.
Məlumatı Prezidentin Mətbuat xidməti yayıb.
Öncə onlar ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Daha sonra Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olan dövlət başçısı, birinci xanım və qızları Kompleksin ərazisini gəziblər.
“Məlumat verildi ki, əsaslı təmir və tikintidən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi yaradılıb. Layihənin özünəməxsusluğu ondan ibarətdir ki, burada istirahət, idman, təlim və tədris bir məkanda cəmləşib. Quba universal kompleksində 200-250 işçinin çalışacağı nəzərdə tutulur. Onların mütləq əksəriyyətini yerli sakinlər təşkil edəcək”, – deyə məlumatda bildirilir.
Dövlət başçısı Kompleksdəki 340 tamaşaçı yerlik üzgüçülük hovuzu, 6 min 600 tamaşaçı yerlik futbol stadionu, Şahmat Mərkəzi və otellə tanış olub. Ölkə rəhbərinə məlumat verilib ki, Kompleksdə bank, sığorta və kapital bazarları iştirakçıları üçün məşğələlər keçiriləcək.
“Quba ABAD Factory”nin açılışında
“Prezident və Birinci Xanım “Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər. “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev müəssisədə görülən işlər barədə məlumat verib. O bildirib ki, “ABAD Factory” bir neçə ildir, qubalı mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq həm də qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi onlara yardımçı olacaq. Burada kartondan müxtəlif qablaşdırma vasitələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda, tullantı kağızların preslənməsi nəzərdə tutulur.
Birinci Nügədi kəndi 1 nömrəli tam orta məktəbdə
“Ölkə başçısı və ailə üzvləri Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.
Quba-Qonaqkənd avtomobil yolunun açılışı
“Daha sonra dövlət rəhbəri Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib. 46 km-lik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunur. Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi.
“Qeyd edək ki, ərazinin özünəməxsus relyefi tikinti işlərinin gedişinə də birbaşa təsir göstərib. Bəzi yerlərdə dağ yamaclarının qaya süxurları kəsilib, qrunt sularının axıdılması təmin edilib”, – deyə məlumatda bildirilib.