Press "Enter" to skip to content

Qırğızıstan Prezidentinə qardaş ölkələrdən təbriklər – YENİLƏNDİ

Şavkat Mirziyoyev, Sadır Caparov

Son yeniləmə: 6 Dekabr 2021 20:14

Bayraqdar.info – Dekabrın 6-da qardaş Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qardaş Qırğızıstan Prezidenti Sadır Caparova zəng edib. Zəngin əsas səbəbi S.Caparovun dekabrın 6-na təsadüf edən doğum günüdür. Lakin tərəflər yalnız doğum günü məsələsilə yetinməyib, iki qardaş ölkə arasındakı münasibətləri də müzakirə ediblər.

Bu haqda xəbəri dekabrın 6-da Özbəkistan Prezidentinin Administrasiyası yayıb.

Xəbərdə deyilir ki, Ş.Mirziyoyev Qırğızıstan Prezidentini doğum günü münasibətilə təbrik etməklə bərabər qardaş qırğız xalqına sülh və əmin-amanlıq, rövnəqlənmə diləyib.

Tərəflər iki ölkə arasındakı çoxəsrlik dostluq və yaxşı qonşuluq ənənələrinə əsaslanan strateji ortaqlıq münasibətlərinin möhkəmlənməsindən məmnunluq ifadə ediblər.

Müxtəlif sahələrdə konstruktiv müzakirələrin fəal davam etdirilməsi, ticarət həcminin artırılması, maşınqayırma, energetika və elektrotexnika, kənd təsərrüfatı, tibb və başqa istiqamətlərdə mühüm iş birliyi layihələrini birlikdə irəlilətmənin önəmi qeyd edilib. Biznes, sərhədlər, mədəni-humanitar proqramlarla bağlı həyata keçirilən işlər haqqında fikir mübadiləsi aparılıb.

İki ölkə başçısı beynəlxalq və regional məsələlərlə bağlı da fikir mübadiləsi aparıb.

Dekabrın 6-da qardaş Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev də S.Caparova zəng edərək ona doğum günü təbriklərini çatdırıb. Tərəflər fürsətdən yararlanaraq iki qardaş ölkə arasındakı münasibətlərin hazırkı durumunu və gələcəyini müzakirə edib.

Günün sonuna doğru bəlli olub ki, Türkiye Cümhurbaşqanı Recep Tayyip Erdoğan da S.Caparova rəsmi təbrik ünvanlayıb, ona cansağlığı arzu edib. Eyni zamanda iki qardaş ölkə arasındakı münasibətlər haqqında da xoş sözlər söyləyən R.T.Erdoğan bundan sonra da Qırğızıstanla münasibətləri ən yüksək səviyyədə tutmağa qərarlı olduqlarını bildirib.

Digər bir təbrik isə Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedovdan daxil olub. Türkmənistan Prezidenti qardaş Qırğızıstan Prezidentinə özünün ən xoş arzularını çatdırıb.

Əlavə edək ki, 1968-ci ilin 6 dekabrında anadan olmuş S.Caparovun 53 yaşı tamam olub.

Mission News Theme by Compete Themes.