Son yeniləmə: 6 Dekabr 2021 09:53
Bayraqdar.info – Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin hazırladığı “Sağlam gənclik – sağlam gələcək” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə H.Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri iştirak ediblər.
Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən bildirilib.
Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib.
Daha sonra Məktəbin direktoru, Əməkdar müəllim Natiq Əhmədov, NDU Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov, layihənin rəhbəri, Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva, kafedranın baş müəllimi Bəxtiyar Hüseynov və digərləri çıxış edib.
Onlar “Sağlam gənclik – sağlam gələcək” layihəsinin uşaq, yeniyetmə və gənclərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Çıxışçılar bu layihənin Naxçıvanın bütün təhsil müəssisələrində icra ediləcəyi diqqətə çatdırblar.
“Tibb fakültəsində təhsil alan tələbələrin vətənpərvərlik mövzusunda hazırladıqları fləşmob və təqdimatlarla yanaşı, slaydlar vasitəsilə müxtəlif mövzularda çıxışları dinlənilib. Ekstremal şəraitlərdə təcili təxirə salınmaz tibbi yardımın göstərilməsi nümayiş etdirilib. Tələbələr tərəfindən ilk tibbi yardımın göstərilməsi təqdimatlar, simulyasiyalar və canlı şəxslər üzərində tətbiq edilib.
“Təqdimatlardan sonra Universitetin həkim və tələbə heyəti H.Əliyev adına Hərbi Liseyin kursantlarının və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdlərinin müayinəsini aparıblar. Tədbir iştirakçılarına maarifləndirici kitabçalar paylanıb.
“Tədbirin sonunda “Sağlam gənclik – sağlam gələcək” layihəsinin həyata keçirilməsində fəal iştirak edən NDU Tibb fakültəsinin tələbələrinə Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən fəxri fərmanlar təqdim edilib”, – deyə xəbərdə bildirilir.