Press "Enter" to skip to content

İki milyon dollarlıq layihə gəlir – VİDEO

Təhsil Nazirliyində görüş

Son yeniləmə: 6 Dekabr 2021 18:09

Bayraqdar.info – Dekabrın 6-da Təhsil Nazirliyi və bp şirkəti arasında niyyət protokolu imzalanıb. Protokol yerli universitetlərin birində bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması ilə bağlı əməkdaşlıq haqqındadır.

Xəbər bayraqdar.info-ya dekabrın 6-da bp-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Protokol bərpa olunan enerji mənbələri, o cümlədən bu sahədə istifadə olunan texnologiyalar, üzrə ixtisaslaşan yerli peşəkarların hazırlanması üçün mühüm bir təhsil layihəsinə dair əməkdaşlığın təməlini qoyur. Bu məqsədlə Böyük Britaniya universitetlərindən biri ilə tərəfdaşlıqda yerli ali təhsil müəssisəsində yeni magistr proqramı yaradılacaq.

Protokol çərçivəsində layihənin texniki aspektlərini, o cümlədən icraçı tərəfdaşın seçim meyarlarını, müəyyənləşdirmək üçün işçi qrup yaradılacaq.

“Təhsil naziri Emin Əmrullayev imzalanma mərasimində çıxışı zamanı “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyasının gənclərin xaricdə təhsilinin dəstəklənməsinə mühüm imkanlar yaratdığını xatırladıb. Nazir bildirib ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”ı çərçivəsində 3 min 500-ə yaxın gənc xaricdə təhsil alıb. Bərpa olunan enerji üzrə mütəxəssis hazırlığının vacib olduğunu qeyd edən təhsil naziri bu sahədə bp şirkəti ilə əməkdaşlığı yüksək dəyərləndirib. Nazir deyib ki, proqram çərçivəsində tədqiqat layihələrinin də həyata keçirilməsi planlaşdırılır.

“bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Azərbaycanın enerji keçidi üzrə səylərini dəstəkləmək məqsədilə Təhsil Nazirliyi ilə uzun müddətli və uğurlu əməkdaşlığımızı yeni istiqamətdə genişləndirməkdən böyük məmnunluq duyuruq. Təsis edəcəyimiz yeni universitet proqramı ölkənin bərpa olunan enerji sektorunun inkişafı üçün zəruri olan yeni təcrübə və bacarıqların formalaşdırılması üçün nəzərdə tutulub. Bu, Azərbaycanın enerjinin gələcəyinə doğru atdığı addımları və eləcə də şirkətimizin insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yeniləmək məqsədini dəstəkləyən gözəl bir layihədir.”

“Layihəni Təhsil Nazirliyi və bp birgə maliyyələşdirəcək və bu layihəyə iki milyon ABŞ dolları vəsait qoyulacaq.

“Yeni magistr proqramı çərçivəsində hər il bərpa olunan enerji mənbələri sahəsində təxminən 40 yerli mütəxəssisin hazırlanması gözlənilir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.