Press "Enter" to skip to content

Güney Kıbrısda antitürk, antimüsəlman əhval-ruhiyyəsi

Larnakadakı Böyük məscid hücumdan sonra

Son yeniləmə: 6 Dekabr 2021 08:59

Bayraqdar.info – Son vaxtlar Yunanıstanda olduğu kimi Güney Kıbrısda da antitürk, antimüsəlman əhval-ruhiyyəsi artmaqdadır. Bu özünü xüsusilə də dini yerlərə hücumlar şəklində daha qabarıq göstərir.

Eyni zamanda, son vaxtlar Kıbrısın rum kəsimində irqçilik və faşist təmayüllü addımların sayı da artmaqdadır. Elə Larnakadakı Böyük məscidin yandırılmasına cəhd edilməsi də bunun növbəti nümunəsidir.

Ersin Tatar: Rum vandalizmi və zehniyyəti davam edir

Bu addım Kuzey Kıbrıs Türk Cümhuriyyətində ciddi etirazla qarşılanıb. Belə ki, KKTC Cümhurbaşqanı Ersin Tatar məscidin yandırılması cəhdinə “Rum vandalizmi və zehniyyəti davam edir” sözləri ilə reaksiya verib.

KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, E.Tatarın bununla bağlı yaydığı açıqlamada deyilir: “Kıbrısın rum tərəfinə dialoq çağırışlarımız davam edərkən, mən Larnaka Böyük məscidinin yandırılması cəhdini şiddətlə qınayıram. Kıbrıs rum administrasiyasının intensiv silahlanması, Doğu Akdenizdə gərginliyi artırmağa yönəlmiş fəaliyyət və təxribatları davam edərkən məscidlərimizə hücumların artması təsadüfi ola bilməz.

Limassoldakı Köprülü Hacı İbrahim Ağa məscidi 2020-ci ilin iyun ayında yandırılmaq istənərkən, 27-29 aprel 2021-ci il tarixlərində Cenevrədə keçirilən qeyri-rəsmi 5+BMT iclasından əvvəl Güney Kıbrısdakı məscidlərimizə, dini və müqəddəs yerlərimizə hücum edilib. Yunan qiyamının 200-cü ildönümündə Limassolun Yalova kəndindəki məscidin divarlarına İslam əleyhinə, irqçi və faşist şüarlar yazılıb. Lakin bu hücumları törədənlərin hələ də tapılmaması diqqət çəkir”.

Açıqlamada bildirilir ki, əvvəlki hücumlar və dekabrın 4-də gecə Larnaka Böyük məscidini yandırmaq istəyi rum mentalitetinin dəyişmədiyini bir daha ortaya qoyur: “Bu addımların fonunda 1963-1974-cü illərdə yüzlərlə məscidimizin hücuma məruz qalaraq, dağıdıldığını xatırlatmaq yerinı düşər. Güney Kıbrısda tarixi, dini və mədəni varlıqlarımıza qarşı hücumlar davam edərkən, rum administrasiyasına və rəhbərliyinə müraciətim bu kimi irqçi və faşist hücumların təşkil edilməməsi və dəstəklənməməsi, dini və müqəddəs yerlərimizə hörmət etmək, hücumların qarşısını almaq və günahkarları tez bir zamanda həbs etməkdir”.

KKTC XİN: Bu, rum tərəfində nifrət və dözümsüzlüyün artmasına səbəb olur

Qeyd edək ki, bu irqçi hücumlarla bağlı KKTC Xarici İşlər Nazirliyi və Din İşləri Başqanlığı da bəyanat verib.

XİN-in bəyanatında “Kıbrıs Rum Administrasiyası indiyədək ibadət yerlərimizə və dini dəyərlərimizə qarşı bu cür alçaq hücumlara səssiz qalmağa üstünlük verib. Kıbrıs rum administrasiyasının susqunluğu rum tərəfində nifrət və dözümsüzlüyün artmasına səbəb olur” sözləri öz əksini tapıb.

Din İşləri Başqanlığı isə “İbadət yerlərinə hücum sülhə deyil, kin, nifrət və düşmənçiliyin artmasına səbəb olur”, – deyə etiraz bildirib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.