Son yeniləmə: 6 Dekabr 2021 17:13
Bayraqdar.info – Əməkhaqqı və pensiyaların 2022-ci ilin yanvarında artacağı xəbəri verilər-verilməz dükan-bazarda qiymətlər ildırım sürətilə artmağa başladı. Məsələ ilə bağlı sosial şəbəkələrdə müzakirələr də eyni dərəcədə sürətləndi.
Baş nazir Əli Əsədov bu barədə Milli Məclisin iclasında danışıb. O, bildirib ki, sosial şəbəkələrdə ökədə qiymət artımı ilə bağlı əsaslı narazılıqlar dolaşır: “BMT-nin və digər beynəlxalq təşkilatların hesablamalarına görə, qiymətlərdə bahalaşma son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Hökumət qiymət artımı ilə bağlı lazım olan tədbirləri görür və görəcək”.
Yerli istehsalı artırmaqla bunun qarşısını almaq olar
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bayraqdar.info-ya açıqlama verib. O, bildirib ki, pandemiya dövründə sərt karantin tədbirlərinin tətbiq edilməsi bütövlükdə qlobal bazarda qiymət artımlarına səbəb olmaqla yanaşı ərzaq və o cümlədən qeyri-ərzaq məhsullarının təklifinin də azalmasına gətirib çıxarır: “Tələb artır, amma bunun fonunda biz istehsalın azalmasını müşahidə edirik. O baxımdan, təbii ki bu, qiymət artımlarına gətirib çıxarıb. Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləri göstərir ki, 2021-ci ilin demək olar ki, bütün aylarında hər ay əvvəlki aya nisbətən inflyasiya səviyyəsi daha yüksək olub. Bunun səbəblərindən biri də məhz dünya bazarında qiymət artımıdır. Çünki dünya bazarında ərzaq məhsullarının qiyməti 35 faizdən çox artıb və artmağa davam edir. Ona görə də dünya bazarında qiymət artımının ölkəyə təsirlərinin azaldılması üçün yerli istehsalın genişləndirilməsi çox vacibdir. Təklif edirəm ki, istehlakın daha çox yerli məhsul istehsalı hesabına ödənilməsinə nail olunsun. Çünki bu, idxaldan asılılığının aradan qaldırılmasına və dünya bazarında qiymət artımları baş verən zaman Azərbaycan iqtisadiyyatının inkişafına və o cümlədən, Azərbaycanda qiymətlərə təsirin azaldılmasına gətirib çıxara bilər”.
V.Bayramovun fikrincə, ona görə də növbəti illərdə dünya bazarında baş verən qiymət artımlarına baxmayaraq, yerli istehsal edilən ərzaq məhsullarının həcminin artırılmasına önəm verilməlidir: “Bu istiqamətdə həyata keçirilən işlər ondan xəbər verir ki, biz növbəti illərdə və xüsusən də 2025-ci ilədək olan strateji yanaşmada yerli istehsalın ümumi istehlakda payının artmasına nail ola biləcəyik”.
Baş nazirin yuxarıda qeyd etdiyimiz sözlərinə münasibət bildirən Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdımalar İctimai Birliyinin sədri İlqar Hüseynli də bayraqdar.info-nun suallarını cavablandırıb.
Dünya ölkələrindən birtərəfli sitatlar
İ.Hüseynli bildirib ki, bu, çox ciddi bir problemdir: “Əslinə baxanda, hörmətli Baş nazir bu fikri deyir. Amma nədənsə bir az çətinliklər ortaya çıxan kimi, ölkədə vətəndaşların sosial-iqtisadi vəziyyətinin pisləşməsi ilə bağlı narazılıqlar ortaya çıxanda dünya ölkələrindən birtərəfli sitatlar gətirirlər ki, dünyada bahalaşma qeydə alınıb. Mən bu fikirlə razı deyiləm. Azərbaycanda baş verən istehlak mallarının artım tendensiyası dünya ölkələri ilə müqayisədə xeyli yüksəkdir. Məsələn, bu gün Azərbaycanın marketlər şəbəkəsində satılan duru yağlar və Yeni Zelandiya, alman kərə yağları Rusiya bazarlarında istehlakçılara təqdim edilən duru və kərə yağlarından çox bahadır. O cümlədən, Rusiya ilə müqayisədə Azərbaycanda ət məhsullarının qiyməti iki dəfə yüksəkdir. Bizim apardığımız araşdırmalar göstərib ki, bizdə həm ət məhsullarının, həm də bitki və kərə yağlarının qiyməti Rusiya, Ukrayna və Qazaxıstan bazarı ilə müqayisədə 2-2,5 dəfə yüksəkdir. Avropa ölkələri ilə müqayisədən isə heç danışmırıq”.
Konservləşdirilmiş məhsulların qiyməti daha çox artır
Ekspertin sözlərinə görə, qiymət artımı xüsusən konservləşdirilmiş məhsullarda özünü daha çox göstərir. “Baxmayaraq ki, Azərbaycanda müəyyən konservləşdirilmiş yarımfabrikatlar istehsal edilir, məsələn, bəzi konservləşdirilmiş məhsulları götürsək, eyni məhsullar Ukrayna, Qırğızıstan, Qazaxıstan və postsovet məkanı ilə müqayisədə qat-qat bahadır. Burada təbii inhisarçılıq deyil, süni inhisarçılıq rol oynayır. Biz iki yaşayış məntəqəsində bananın 1 kq-nın qiymətinin müqayisəsini aparmışıq. Apardığımız araşdırmada məlum olub ki, Yalama Gömrük Keçid Məntəqəsindən bu tərəfdə bananın 1 kq-ı 2 km o tərəfdə Dağıstandakı qiymətlə müqayisədə 4 dəfə bahadır. O cümlədən də digər məhsulların qiyməti. Burada 2022-ci ilin yanvar ayından əməkhaqqı və pensiyaların böyük artımı ilə bağlı pafoslu səslənən müzakirələr aparılır. Əhaliyə ümid verirlər. Dövlət müəssisələrində çalışanların artımına şahid olacağıq, bəs işsizlər nə edəcək? Heç bir maaş və pensiya almayanların vəziyyəti necə olacaq? Onların istehlak səbətini bu günün bazar artımları ilə müqayisədə biz ortaya gətirsək, həmin istehlak səbəti artımla adekvat olacaqmı? Olmayacaq.”
İ.Hüseynlinin bildirdiyinə görə, dünyada baş verən qiymət artımı ilə bağlı tendensiyanı oradakı minimum əməkhaqlarının həcmi ilə də müqayisə etmək lazımdır. O deyir ki, Avropa ölkələrində minimum əməkhaqqı Azərbaycanla müqayisədə beş, yeddi, on, bəzən də on beş dəfə çoxdur.
Müqayisəni adekvat şəkildə aparmaq lazımdır
Ekspert ölkədəki həkimlərin maaşı ilə digər ölkələrdəki həkimlərin maaşını müqayisə etməyin mümkünsüzlüyünü bildirir: “Avropa ölkələrində pensiyaçılar 1500-2000 avro pensiya alırlar. Yəni bu müqayisəni dünya ölkələri ilə aparanda adekvat aparmaq lazımdır. Eyni zamanda, həmin insanların minimum istehlak səbəti ilə maaş, pensiya imkanlarını da Azərbaycanla müqayisə etmək lazımdır. Niyə bu müqayisə bitərəfli aparılır? Bu, adi gözlə görünən bir şeydir. Bütün insanlar çox gözəl bilirlər ki, artımlarımız nə qədər çox olsa belə, inkişaf etmiş ölkələrlə müqayisədə bizim pensiya və əməkhaqlarımız dəhşətli dərəcədə aşağıdır. Baxmayaraq ki, məhsullarımız Rusiya, Ukrayna, Qazaxıstan və d. ölkələrlə müqayisədə 2-3 və bəzən 4 dəfə bahadır.
“Yəni bunlar süni inhisarçılığın nəticəsidir. Çox qəribədir ki, Azərbaycanda hər hansı bir istehsalın artımı başlayandan sonra həmin məhsulun qiymət artımı daha çox olur, nəinki biz onu kənardan idxal edəndə. Tikinti materiallarına nəzər yetirək. Görün, nə boyda artım var? Rusiyanın tayqa meşələrində, taxta istehsal olunan bir ölkədə taxtanın qiyməti Azərbaycandakı kimi 500-700 manatdırmı? Adicə dam örtükləri, kiçik detallara qədər qiymətlərdə fantastik dərəcədə bahalaşma müşahidə edilir. Mənə elə gəlir ki, Baş nazir dünya ölkələri ilə müqayisə edərək vətəndaşları sakitləşdirmək istəyirsə, bu metoda deyil, inhisarçılıqla mübarizəyə üstünlük verməlidir. Açıq şəkildə görünür ki, belə qiymət artımı artıq Azərbaycan vətəndaşlarının heç orta təbəqəsinin imkanlarına adekvat deyil və mən düşünürəm ki, bu, gələcəkdə cox ciddi sosial partlayışa səbəb ola bilər”.