Bayraqdar.info – Hər il olduğu kimi bu il də Türkiyənin Eskişehir şəhərində Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçiriləcək.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib. Onun sözlərinə görə, anım günü ilə əlaqədar dekabrın 12-də gənclər arasında bilik yarışı keçiriləcək: “Bildiyimiz kimi xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb. Ulu öndərimiz Azərbaycan gənclərinin sağlam və bilikli yetişməsi üçün davamlı addımlar atıb. Biz də Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq qərara gəldik ki, Ümummilli liderin anım günündə burada təhsil alan azərbaycanlı tələbələr arasında bilik yarışması keçirək”.
C.Aydının sözlərinə görə, komandalar arasında keçiriləcək bilik yarışmasında Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, o cümlədən Azərbaycanla bağlı müxtəlif suallar veriləcək. Qalib komanda Dərnəyin mükafatı ilə mükafatlandırılacaq: “Eyni zamanda, dekabrın 12-də Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq da Ulu öndərin xatirəsini anacaq, İstanbulda Ümummilli liderin abidəsi önünə çələng qoyacayıq”.