Son yeniləmə: 6 Dekabr 2021 15:26
Bayraqdar.info – Azərbaycanın turizm potensialı yaxın və uzaq ölkələr tərəfindən maraqla izlənir. Elə dekabrın 4-də Rusiyanın NTV telekanalında məşhur səyahət proqramı “Поедем, поедим!”in növbəti buraxlışının Azərbaycana həsr olunması da deyilənləri təsdiqləyir.
Qeyd edək ki, porqramın çəkilişləri Azərbaycan Turizm Bürosunun dəstəyi ilə 4-8 oktyabrda baş tutub.
Dövlət Turizm Agentliyindən bayraqdar.info-ya dekabrın 6-da verilən məlumata görə, Dənizkənarı Bulvarın görüntüləri ilə başlayan proqramda aparıcı Federiko Arnaldi “Baku Crystal Hall”, “Dəniz Mall”, Milli Xalça Muzeyi, o cümlədən “Kiçik Venesiya” şəhərciyinin arxitekturası haqqında məlumat verib.
O bildirib ki, Bakıdakı hər bir memarlıq nümunəsi futuristik və ultramüasir görüntüsünə baxmayaraq özündə xalqın mədəni irsi və tarixi elementlərini əks etdirir.
Verilişdə, həmçinin Azərbaycan və dünyanın müasir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi və “Alov qüllələri” kompleksi işıqlandırılıb. İçərişəhərdə baş tutan çəkilişlərdə aparıcı Azərbaycan milli mətbəxi və ölkəmizin çay mədəniyyəti ilə tanış olub.
Veriliş çərçivəsində paytaxtın hotel, nəqliyyat və yol infrastrukturu haqqında da danışılıb.
Çəkilişlər Bakı ilə birgə Lənkəran şəhərində baş tutub. Aparıcı Lənkərandakı “Sitrus bağları”na baş çəkib, regionun mətbəx nümunələrini dadıb.
Proqram NTV telekanalının 14 milyondan çox abunəçisi olan rəsmi Youtube kanalında yerləşdirilib.