Press "Enter" to skip to content

Mançesterdə Azərbaycan icması ilə görüş

Mancesterdəki görüşdən

Son yeniləmə: 5 Dekabr 2021 19:24

Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi komitənin nümayəndə heyəti Birləşmiş Krallığa səfər edib. Səfəri çərçivəsində Mançester şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

Komitədən bayraqdar.info-ya dekabrın 5-də verilən məlumata görə, tədbirdə Mançester və ətraf şəhərlərdə yaşayan soydaşlarımız, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin I katibi Nicat Quliyev, Şimali İrlandiyada Birləşmiş Krallıq üzrə Azərbaycanlıların Koordinasiya Şurasının və türk icmasının üzvləri, eləcə də Güney Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitə sədri F.Muradov Mançesterdə Azərbaycan icmasının üzvləri ilə ilk dəfədir görüş keçirildiyini xatırladaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib. Tovuz hadisələri, Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərini Birləşmiş Krallıq ictimaiyyətinə çatdıran, Vətənimizin müstəqilliyi, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə birlik və həmrəylik göstərərək böyük işlər görən icma üzvlərinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən icma üzvləri diaspor fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə daha geniş şəkildə çatdırılması və gələn ilki fəaliyyət planı ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Görüş soydaşlarımızın suallarının cavablandırılması ilə yekunlaşıb.

Mission News Theme by Compete Themes.