Son yeniləmə: 4 Dekabr 2021 15:25
Bayraqdar.info – Təhsildə Keyfiyyət Təminatı Agentliyi noyabr ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, noyabr ayı üzrə 302 müraciətçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 34, təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10 nəfərin diplomu tanınmayıb. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti də mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Türkiyədən 106, Rusiyadan 79, Ukraynadan 69, Gürcüstandan 11, İtaliyadan 6, digər ölkələrdən isə 31 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 21, biznesin idarə edilməsi üzrə 12, menecment üzrə 12, tibb üzrə 11 nəfər müraciətçi qeydə alınıb. Sənədlərə ortalama baxılma müddəti 19 gün təşkil edib. Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az keçidinə daxil ola bilərlər.