Son yeniləmə: 3 Dekabr 2021 23:02
Bayraqdar.info – Türkiyə Ali Təhsil Şurası nümayəndə heyətinin Azərbaycana səfərinin növbəti günündə qonaqlar Təhsil Nazirliyinin nümayəndə heyəti ilə birlikdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasını ziyarət ediblər.
Təhsil Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, ziyarət zamanı ATU-nun rektoru Gəray Gəraybəyli qonaqlara universitetin tarixi, fəaliyyəti, beynəlxalq standartlara əsasən qurulan təhsil və tədris prosesi haqqında məlumat verib. Qonaqlar həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasında tələbələrin təhsili və təcrübə keçməsi üçün yaradılan şəraitlə tanış olublar.
“Günün ikinci yarısında bu günədək səfər çərçivəsində baş tutmuş müzakirələrlə əlaqədar ictimaiyyətin məlumatlandırılması məqsədilə mətbuat konfransı təşkil olunub. Mətbuat konfransı zamanı çıxış edən təhsil naziri Emin Əmrullayev Azərbaycan və Türkiyə dövlət başçılarının tapşırığı əsasında Azərbaycan-Türkiyə birgə ali təhsil müəssisəsinin yaradılması üzrə danışıqların aparıldığını bildirib.
“Öz növbəsində, Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar da birgə universitetinin yaradılması ətrafında danışıqların aparıldığını təsdiq edib və ümumilikdə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın dərinləşməsinə yönəlik bir neçə yeni təşəbbüsün mövcudluğunu bildirib.
“Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb”, – deyə məlumatda qeyd edilib.