Press "Enter" to skip to content

Ermənistan yenə də oyunpozanlıq etdi

Leyla Abdullayeva

Bayraqdar.info – Xəbər verildiyi kimi, xarici işlər naziri Ceyhun Bayramovun dekabrın 2-3-də ATƏT-in Stokholmda keçirilən Xarici İşlər Naziləri Şurasında iştirak zamanı Ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşü nəzərdə tutulurdu. Lakin bəlli olub ki, bu görüş baş tutmayıb. Özü də Azərbaycan tərəfinin görüşdən imtina etdiyi bildirilir.

Məsələyə XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva aydınlıq gətirib. Onun dekabrın 4-də bayraqdar.info-ya daxil olan açıqlamasında məsələ tam olaraq izah edilib.

Leyla Abdullayeva: “İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

“Lakin 3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan deputatlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi.

“Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir”.

Əlavə edək ki, Ermənistanın belə pozucu davranışına baxmayaraq Azərbaycan yenə də təmkin nümayiş etdirib. Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində təxribat törədən zaman əsir düşmüş 10 hərbçi Ermənistana təhvil verilib. Dekabrın 4-ü saat 21 radələrində əsirləri aparan təyyarənin İrəvana endiyi təsdiqlənib. Onları əvvəlki bənzər missiyalarda olduğu kimi bu dəfə də Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov müşayiət edib.

Azərbaycanın bu xoş məramına qarşılıq olaraq Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim edib. Gələn xəbərlərdə bildirilir ki, bununla da Ermənistan tərəfi Azərbaycanda minaladığı bütün ərazilərin xəritələrini təqdim etmiş olub.

Qeyd edək ki, Ermənistan əsirlərinin təhvil verilməsi və əvəzində mina xəritələrinin alınması xəbərini Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti dekabrın 4-də yayıb.

Mission News Theme by Compete Themes.