Press "Enter" to skip to content

Məcid Cavadi: Rəsul Bərginin nə qədər səmimi olduğunu demək çətindir

Məcid Cavadi

Son yeniləmə: 3 Dekabr 2021 17:06

Bayraqdar.info – Xəbər verdiyimiz kimi bu günlərdə Təbriz Şəhər Şurasının sədri Rəsul Bərgi İran rəsmilərinin Güney Azərbaycana qarşı ayrı-seçkilik etdiyini bildirib. O, həmçinin Güney Azərbaycanla bağlı digər bir neçə məsələyə də dair İranın siyasətinə etiraz edib.

Şəhər Şurasının sədri: İran dövləti Azərbaycana qarşı ayrıseçkilik edir

Bəs, bu nədən xəbər verir? İran kimi sərt rejimin hökm sürdüyü bir ölkədə Təbriz Şəhər Şurasının sədrinin bu cür açıqlamasını necə dəyərləndirmək olar?

Bayraqdar.info-nun bu suallarına cavab olaraq Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi öncə onu deyib ki, bu adam həmin sözləri hansı məqsədlə deyib, onu tam bilmək olmaz: “Amma istənilən halda sözlərində həqiqət var. Yəni, İran rəsmilərinin Güney Azərbaycana qarşı ayrı-seçkilik etdiyi kimsəyə sirr deyil. Eyni zamanda Urmu gölünün qurudulması və buna etiraz edənlərə qarşı sərt davranışıla bağlı deyilənlər də həqiqətdir”.

M. Cavadi onu da deyib ki, adətən Güney Azərbaycandakı bəzi yerli məsul şəxslər çalışırlar ki, bu şəkildə özlərinə ictimai rəğbət qazansınlar: “Xüsusilə də seçkilər öncəsi bu cür çıxışlar olur. Bəzən də rejim özü bu cür sərt açıqlamaların verilməsində maraqlı olur. Yəni Güney Azərbaycanda etiraz dalğasının hər keçən gün daha da artdığını görən Tehran rejimi bu cür açıqlamaların verilməsinə şərait yaradır ki, bir növ xalqın qəzəb enerjisi bir qədər boşalsın. Xalq kütləvi etiraza qalxmaqdan vaz keçsin və düşünsün ki, zatən dərdimizi məsul şəxslər dilə gətirir”.

“Ümumiyyətlə Təbriz Şəhər Şurasının sədri olan bir mollanın bu cür tam səmimiyyətlə Azərbaycan xalqının hüququnu tələb etməsinə inanmıram. O ancaq ya səs toplamaq üçün bu addımı atıb, ya da dediyim kimi rejim özü bu sifarişi verib. Eyni zamanda son günlər Təbrizin və Urmiyanın millət vəkillərinin guya ana dilində təhsil məsələsini qaldırmasını da təsadüfi hesab etmirəm. Yəqin ki, rejim Güney Azərbaycandakı etirazlara görə çox narahatdır və xalqın qəzəb enerjisinin boşaldılması üçün bu oyuna baş vurur”, – deyə, müsahibimiz sonda bildirib.

Mission News Theme by Compete Themes.