Press "Enter" to skip to content

İçərişəhərdə cızılmış divarlarda muralist rəsmlər

İçərişəhərdə divar rəsmləri

Son yeniləmə: 3 Dekabr 2021 15:31

Bayraqdar.info – İçərişəhərdə vandalizmlə mübarizə çərçivəsində “Nazim Məmmədov adına Animasiya parkı” adlı layihəyə  başlanılıb. Layihənin təşkilati dəstəyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (İdarə), İdarənin nəzdindəki “İçərişəhər” Muzey Mərkəzi, “Arts Council Azerbaijan” təşkilatı, Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyi və Azərbaycan Beynəlxalq Məktəbidir.

Məlumatı bayraqdar.info-ya “İçərişəhər” Dövlət Qorugu İdarəsinin Mətbuat xidmərindən veriblər.

“Layihə çərçivəsində İçərişəhərin İlyas Əfəndiyev küçəsindəki parkın ərazisinə daxil olan tikililərin vandalizmə məruz qalmış – xoşagəlməz tərzdə boyanmış, cızılmış, yazılmış divarları üzərində Azərbaycan Beynəlxalq Məktəbinin şagirdləri tərəfindən muralist üslubda rəsmlər çəkilib. Bu rəsmlər 1970-80-ci illərdə Azərbaycanda məşhur olmuş rəssam-multiplikator və multikasiya filmlərinin banisi hesab edilən Nazim Məmmədovun personajlarını əks etdirir.

“Qeyd olunmalıdır ki, sözügedən park bir neçə il əvvəl İdarə tərəfindən təmir olunaraq İçərişəhərin kiçik sakinlərinin istifadəsinə verilib. Lakin ötən müddət ərzində oradakı yelləncək və digər əyləncə qurğuları istismar olunaraq öz keyfiyyətini itirib. Belə ki, çox gözəl və böyük nar və şam ağacları ilə əhatələnmiş parkın ərazisi tullantılarla çirkləndirilmiş və buradakı tikililərin fasadı isə səliqəsiz şəkildə rəngli boyalarla yazılmışdı.

““Arts Council Azerbaijan” təşkilatı isə parkın abadlaşdırılması və N.Məmmədovun irsinin tanıdılması məqsədilə bu məkanın N.Məmmədov adına Animasiya Parkı kimi istifadəyə verilməsinə dair təşəbbüslə İdarəyə müraciət edib. Bu təşəbbüsü yüksək qiymətləndirən İdarə vandalizmlə mübarizə çərçivəsində bu layihənin həyata keçirilməsi üçün öz dəstəyini göstərib”, – deyə məlumatda bildirilir.

Nəzərə çatdırılır ki, İdarə İçərişəhərdəki abidələrin, tikililərin qorunması, tarixi-mədəni irsin yaşadılması istiqamətində öz fəaliyyətini davam etdirəcək və vandalizm faktlarına qarşı mübarizə həm sosial-mədəni sahədə, həm də hüquqi müstəvidə genişləndiriləcək.

Mission News Theme by Compete Themes.