Son yeniləmə: 3 Dekabr 2021 14:36
Bayraqdar.info – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimi keçirilib.
Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Tədbirdə Mədəniyyət Nazirliyini Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli təmsil edir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan mərasimdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib.
“Mədəniyyət və ədəbiyyat günlərinə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlikləri, hər iki ölkənin Yazıçılar birlikləri, Azərbaycanın Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əbu Reyhan Biruni adına Özbəkistan MEA Şərqşünaslıq İnstitutu və Özbəkistan Dövlət Konservatoriyası dəstək göstərir.
“Mərkəzin direktoru Samir Abbasov mərasim iştirakçılarını salamlayaraq bildirib ki, dünya ədəbiyyatı tarixinə N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, Z.Babur, Ə.Nəvai və başqa məşhur şairlər verən Azərbaycan və Özbəkistan öz qədim tarixi və mədəniyyəti ilə məşhurdur. O deyib ki, yazıçı və şairlərimizlə bərabər dövlət başçılarımızı da dostluq və qardaşlıq münasibətləri birləşdirir.
“Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimov Azərbaycanla Özbəkistan arasında elm, ədəbiyyat, əlyazmalar sahəsində əməkdaşlıqdan danışıb. Azərbaycan və Özbəkistanın klassik şairlərinin əsərlərinin çap olunması istiqamətində görülən işləri təqdir edib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə N.Gəncəvinin Özbəkistanda ilk dəfə olaraq çap olunan “Xəmsə”nin ölkənin mədəni həyatında əlamətdar hadisə adlandırıb.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov N.Gəncəvi və Ə.Nəvainin əsərlərinə nəzər salaraq onların ədəbiyyata gətirdiyi yeniliklər, poeziyanın zənginləşməsindəki xidmətlərindən danışıb. Akademik vurğulayıb ki, Nizaminin “Xəmsə”si olmasaydı, təbii ki, Nəvainin də “Xəmsə”si olmayacaqdı. Əl-Fərabi də, Nizami də, Nəvai də türkdür. Əl Fərabi “Xəmsə”ni ərəbcə, N.Gəncəvi farsca, Ə.Nəvai isə türkcə yazıb. Belə müqayisələri çox çəkmək olar deyə Nizami Cəfərov qeyd edib.
“Özbəkistan Dövlət Mədəniyyət və Sənət Universitetinin rektoru, professor İbrahim Yuldaşev, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənddəki Nəvai adına Milli Kitabxananın direktoru Umida Keşabayeva və başqaları N.Gəncəvi və Ə.Nəvainin dünya ədəbiyyatı tarixindəki yeri və mövqeyi haqqında danışıblar, bu şairlərin ayrı-ayrı əsərlərini təhlil ediblər.
“Tədbir çərçivəsində Özbəkistanın ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvaiyə həsr olunmuş şeir kompozisiyası səsləndirilib.
“Daha sonra Özbəkistanın “Soqdiana” Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri əsasında hazırlanan konsert proqramı təqdim olunub”, – deyə məlumatda bildirilir.