Son yeniləmə: 3 Dekabr 2021 10:27
Bayraqdar.info – Dekabr 2-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranmasının 50-ci ildönümü tamam oldu.
Bu barədə bayraqdar.info-ya BƏƏ-nin ölkəmizdəki səfriliyindən məlumat verilib.
Bildirilib ki, “Qızıl yubiley” növbəti 50 il üçün milli strategiyanın başlanğıcının müjdəçisidir. Qeyd olunub ki, ötən 50 ildə qazanılan uğurlar davamlı inkişaf, millətin unikal rəqabətliliyinin gücləndirilməsi və qlobal açıq iqtisadiyyat erasına dəstək verir: “Əlli illiyin layihələri rəqəmsal iqtisadiyyata, süni intellekt və dördüncü sənaye inqilabı kimi sektorlara investisiya qoyuluşuna stimul verir. Bu layihələr çərçivəsində Qızıl Viza, Yaşıl Viza kimi fürsətlər təqdim edilib”.
Vurğulanıb ki, “Davamlı iqtisadi inkişaf naminə BƏƏ innovativ həllər də irəli sürmüşdür . BƏƏ hazırda dünyanın ən böyük 3 günəş stansiyasına sahibdir. Bərpaolunan enerjiyə 163 milyard ABŞ dolları məbləğində sərmayə ilə 2050-ci ilə kimi sıfır emissiya strateji təşəbbüsü irəli sürülüb.
İnsan haqları sahəsində də BƏƏ proqressivdir. Yeni əmək qanunu qəbul edilib ki, bu, özəl sektor işçilərinin qorunmasının genişlənməsi məqsədini güdür. Oktyabr ayında BƏƏ 2022-2024-cü illər üçün BMT İnsan Haqları Şurasına üzvlük qazanıb”.
Məlumatda daha sonra deyilir: “2020 BMT İP Gender Bərabərliyi İndeksində BƏƏ Ərəb dünyasında birinci və dünya üzrə 18-ci yeri tutdu. Qadınlar Federal Milli Şuranın 50 faizini təşkil edir. Kosmos sahəsində BƏƏ Mars missiyasında 34 faiz qadınlar çalışır.
BƏƏ beynəlxalq ictimaiyyətin üzvü kimi də fəal rolunu möhkəmləndirir. BƏƏ “Birlikdə daha güclü”şüarı altında BMT TŞ-in üzvü seçilərək, dövrümüzün bəzi çətin məsələləri ilə bağlı konstruktiv tərəfdaş olacaq.
BƏƏ digər ölkələrlə ikitərəfli dostluq münasibətlərinə böyük əhəmiyyət verir. Azərbaycan elə bir ölkədir ki, biz ümumi dəyərləri bölüşürük, əməkdaşlığın genişləndirilməsi üçün geniş iqtisadi potensiala malikik və bu, ölkələrimizin rəhbərliyinin güclü iradəsinə əsaslanır.
BƏƏ yeni nailiyyətlərə möhkəm inamla gələcəyə doğru irəliləyir”.
Onu da qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar BƏƏ-nin ölkəmizdəki səfirliyi yubiley qəbulu keçirə bilməyib. Bununla belə, səfirlik yubileylə bağlı videoçarx hazırlayıb. Videoçarxda müvəqqəti işlər vəkili Abdalla Əl Şəmsi çıxış edərək ölkənin əldə etdiyi nailiyyətlər və gələcək üçün hədəfləri, habelə BƏƏ-Azərbaycan ikitərəfli əlaqələrindən bəhs edir.
Həmçinin Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin hökumətinə və xalqına təbriklərini, səmimi arzularını çatdırır.