Press "Enter" to skip to content

Azərbaycan və Niderland arasında ikitərəfli əməkdaşlıq

Son yeniləmə: 3 Dekabr 2021 11:00

Bayraqdar.info – Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov Stokholmda Niderland Krallığının xarici işlər naziri Ben Knapen ilə görüşüb. Tərəflər Azərbaycan və Niderland arasında ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Bu barədə bayraqdar.info-ya dekabrın 3-də Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, nazir C.Bayramov həmkarına münaqişə sonrası bölgədəki vəziyyət və son inkişaf barədə ətraflı məlumat verib. Üçtərəfli bəyanatların icrası, bölgədə kommunikasiya əlaqələrinin açılması, Azərbaycan və Ermənistan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşması və delimitasiya danışıqlarına başlamanın əhəmiyyəti vurğulanıb.

Nazir, Azərbaycanın Ermənistanla ikitərəfli münasibətlərin qurulmasına aid məsələlərin dialoq yolu ilə həllinin tərəfdarı olduğunu həmkarının diqqətinə çatdırıb.

Nazir beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan və Azərbaycan arasında normallaşma səylərinə dəstək verilməsinin vacibliyini vurğulayaraq, birtərəfli və qərəzli yanaşmaların bu səylərə töhfə vermədiyini bildirib. C.Bayramov xarici ölkələrin ictimaiyyəti, o cümlədən qanunverici strukturlarının regiondakı münaqişədən sonrakı normallaşma prosesi kontekstində maraq doğuran məsələlər barəsində hərtərəfli və dolğun məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb.

Mission News Theme by Compete Themes.