Son yeniləmə: 2 Dekabr 2021 13:34
Bayraqdar.info – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 1-də Milli İncəsənət Muzeyində nadir nümunələrdən olan “Vərqa və Gülşa” miniatür əlyazma kitabında yer alan 71 illüstrasiyanın ölkədə ilk dəfə kitab halında nəşrinin təqdimatı keçirilib. Kitab-albom Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə yüksək poliqrafik səviyyədə çap olunub.
Məlumatı bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən dekabrın 2-də veriblər.
Muzeyin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev Muzeyin yeni istifadəyə verilən milli üslubda dizayn edilmiş hücrəsində ilk tədbirin məhz miniatür sənətinə həsr olunmasından məmnunluğunu ifadə edib. O bildirib ki, dünyanın ən mötəbər kitabxana və muzeylərində qorunan mədəni dəyərlərimizlə tanış olmaq imkanı, təəssüf ki, hər kəsə nəsib olmur.
Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin İstanbulun Topqapı Sarayı Muzeyində qorunan “Vərqa və Gülşa” əsərinə çəkdiyi 71 miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəkildə nəşr edildiyi bu fundamental kitab mədəniyyətə böyük töhfədir. Yaxın və Orta Şərq incəsənətinin ən qədim miniatürlərinə həsr olunan bu nəşr sayəsində XIII əsr Azərbaycan təsviri sənəti və onun sonrakı inkişafı haqqında dolğun təsəvvür əldə etmək imkanı yaranır.
“Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Azərbaycan təsviri sənətinin maraqlı sahələrindən biri də miniatürdür. “Miniatürlər sanki o dövrün kino mədəniyyətidir. Bu sənətin orta əsrlərdə belə yüksək səviyyədə inkişaf etməsi fəxarət hissi doğurur. Gələcəkdə bu kitabın daha geniş təbliği diqqətdə saxlanılmalıdır. 2020-ci il dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunub və bu mədəni element UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Belə bir qərarın qəbulu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət və Xarici İşlər nazirlikləri, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.”
“Nazir həmçinin diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi “Nizami ili” çərçivəsində dahi şairin “Xəmsə”si əsasında hazırlanan miniatürlərdən ibarət kitabın nəşrini də həyata keçirəcək.
“Tədbirdə akademik Rəfael Hüseynov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Memarlar İttifaqının sədri Elbay Qasımzadə və digərləri maraqlı çıxşlar ediblər.
“Tbilisi Dövlət Muzeyinin direktoru İrina Koşoridze müəllifi təbrik edərək miniatür sənəti və Şərq ədəbiyyatı ilə bağlı düşüncələrini bölüşüb”, – deyə məlumatda bildirilib.