Son yeniləmə: 2 Dekabr 2021 13:18
Bayraqdar.info – Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada işgüzar səfərdə olub.
Xəbəri dekabrın 2-də Baş Prokurorluğun Mətbuat xidməti yayıb.
Nümayəndə heyətini səmimi salamlayan Baş prokuror İrina Venediktova noyabrın 30-da Azərbaycanda baş vermiş helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığını bildirib. O, həlak olanların ailə üzvlərinə səbr diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.
K.Əliyev ukraynalı həmkarına başsağlığına görə minnətdarlığını bildirib. Keçirilmiş ikitərəfli görüşdə Baş prokuror ölkələr arasında zəngin tarixi və mədəni irsə köklənən mehriban dostluq münasibətlərinin mövcudluğunu vurğulayıb. O, bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına tövhə verdiyini qeyd edib. Baş prokuror həyata keçirilən islahatlar, prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılmasından söz açıb. Habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib.
“Həmçinin görüş zamanı yetkinlik yaşına çatmamış şəxslər barəsində cinayət mühakiməsinin aparılması, nifrət zəminində törədilmiş cinayətlər, məişət zorakılığı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri, habelə prokurorluq fəaliyyətinin rəqəmsallaşdırılması mövzuları üzrə səmərəli fikir mübadiləsi aparılıb.
“Görüşdə əlaqələrin gələcək konturlarını müəyyən edən “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ukrayna Baş prokurorunun Ofisi arasında əməkdaşlıq haqqında Razılaşma” imzalanıb.
“Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Ukrayna prokurorluğunun yaradılmasının 30 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
“Tədbir çərçivəsində «Kleptokratiya və qanunsuz maliyyə axımları» mövzusunda Beynəlxalq Antikorrupsiya Forumu öz işinə başlayıb. Forumda çıxış edən K.Əliyev korrupsiyaya qarşı aparılan hüquqi və institusional tədbirlər, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rolu barədə məlumat verib.
“Forum çərçivəsində Litva, Bolqarıstan, Estoniya və sair ölkələrin baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirilib.
“Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Kiyevdə ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub”, – deyə xəbərdə bildirilir.