Bayraqdar.info – Dekabrın 1-də Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun ABŞ dövlət katibi Entoni Blinken ilə görüşü olub. Görüş Latviyanın paytaxtı Riqada keçirilib. Hər iki xarici siyasət idarəsinin rəhbəri burada NATO üzvü ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edir.
Xəbəri bayraqdar.info-ya dekabrın 2-də ABŞ Dövlət Departamentindən veriblər.
Məsələylə bağlı açıqlama verən Departamentin sözçüsü Ned Prays bildirib ki, tərəflər Efiyopiyadakı böhranı və Qara dəniz bölgəsində sabitliyi təmin etmək üçün gerçəkləşdirilən birgə səyləri müzakirə ediblər.
“Onlar həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzünü, Ermənistanla Azərbaycanda, eləcə də Əfqanıstandakı durumu müzakirə ediblər. Müzakirə Prezident Co Bayden və Cümhurbaşqanı Recep Tayyip Erdoğanın ötən ay Romada keçirilmiş müzakirəsi əsasında olub. Orada onlar demokratiya və insan haqları da daxil olmaqla ikitərəfli iş birliyi və başqa önəmli məsələləri müzakirə etmişdilər”, – deyə N.Prays bildirib.
Bir daha vurğulamaq istərdik ki, ABŞ rəsmiləri artıq uzun müddətdir ki, Azərbaycan-Ermənistan məsələsini müzakirə edərkən ümumiyyətlə Qarabağın adını çəkmirlər. Onların bütün açıqlamaları yalnız iki ölkə arasındakı münasibətlərin sabitləşməsi, qarşılıqlı anlaşmanın əldə edilməsinin önəminə yönəlikdir. Bu isə o deməkdir ki, ABŞ Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ məsələsinin bitməsi ilə bağlı bəyanatını tam olaraq ciddiyə alır.
Onu da əlavə edək ki, ABŞ-ın belə yanaşmasında Türkiyənin Cümhurbaşqanı R.T.Erdoğanın, həmçinin xarici işlər naziri Mevlüt Çavuşoğlunun rolu danılmazdır. Qardaş ölkənin hər iki siyasi xadimi digər dövlət adamlarıyla birlikdə Azərbaycan məsələsinə tam məsuliyyətlə yanaşırlar və bu da bir sıra problemlərin rahat həllinə imkan yaradır.
Qeyd edək ki, M.Çavuşoğlu E.Blinkenlə müzakirə etdiyi məsələlər haqqında sosial media hesabında qısa məlumat da paylaşıb.
#NATO DB Toplantısı marjında görüştüğüm ABD DB Blinken’la, #Etiyopya, #Ukrayna, #Suriye ve #Kafkasya’daki gelişmeler ile ikili ilişkilerimizi ele aldık.
Discussed w/@SecBlinken developments in #Ethiopia, #Ukraine, #Syria & #Caucasus and our bilateral relations. 🇹🇷🇺🇸 pic.twitter.com/QQakltjKST
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) December 1, 2021